İspaniyanın “Barselona” klubunun hücumçusu Lionel Messinin cəzası bəlli olub.
Futbolinfo.az xəbər verir ki, 34 yaşlı hücumçu 2 oyunluq diskvalifikasiya edilib.
Bu barədə İspaniya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Argentinalı forvard İspaniya Kubokunda “Kornella” və La Liqada “Elçe” ilə matçları buraxacaq. Qarşılaşmalar müvafiq olaraq yanvarın 21-də və 24-də gerçəkləşəcək.
“Barselona” isə Messinin 2 oyunluq diskvalifikasiya qərarı ilə razı deyil. Klubun rəsmi saytının yaydığı məlumata görə, Kataloniya təmsilçisi argentinalı hücumçunun cəzası ilə bağlı apellyasiya şikayəti verəcək.
Qeyd edək ki, Lionel Messi İspaniya Super Kubokunun finalında “Atletik”in oyunçusu Asyer Vilyalibreni vurub. Qarşılaşmanın bitməsinə bir dəqiqə qalmış Messi qırmızı vərəqə alaraq meydandan qovulub. Ulduz futbolçu klub karyerasında ilk dəfə qırmızı vərəqə ilə cəzalandırılıb. “Atletik” final matçının əlavə vaxtında “Barselona”ya 3:2 hesabı ilə qalib gəlib.