Bir neçə gün öncə Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında Medianın İnkişafı Agentliyi (MEDİA) yaradıldı. Əvvəlki qurumda qısa müddət icraçı direktor olan Əhməd İsmayılov yeni qurumda da eyni posta təyin edildi.
İndiyə qədər idman mətbuatının bir qayda olaraq mediaya dəstək layihələrindən kənarda qaldığı, ümumiyyətlə, sanki təcrid olunduğu bəlli məsələdi. KİVDF yalnız müəyyən müddət “Futbol+” qəzetinə layihə vermiş, daha sonra böyük narazılıqların fonunda onu da dayandırmışdı.
Yeni qurum, yeni çağırışlar…. İdman mətbuatı Medianın İnkişafı Agentliyindən nələr gözləyir, nələr təklif edir? – bu suallarla idman mediasının təcrübəli nümayəndələrinə müraciət etdik…
Aydın Bağırov (Qol.az saytının baş redaktoru): “Təəssüf ki, KİVDF yarandığı 2008-ci ildən indiyədək idman mediası həmişə diqqətdən kənarda qalıb. Halbuki bu müddət ərzində Azərbaycanda böyük idman yarışları keçirilib, rəsmi səviyyədə idman ölkəsi olduğumuz barədə dəfələrlə fikirlər səslənib. Amma təəccüblüdü ki, idman mediasi – söhbət yazılı mediadan gedir – diqqətdən kənarda qalıb. İndi yeni bir agentlik yaranıb. Bildiyimə görə, İdman Jurnalistləri Federasiyasının rəhbəri bir müddət əvvəl qurumun rəhbərliyi ilə görüş keçirib. Bu, müsbət haldı. Amma ümid etmək istərdim ki, belə görüşlərin nəhayət ki, idman mediasına bir faydası dəyəcək. Çünki ötən dövr göstərib ki, idman mətbuatımız mediamızın iqtisadi baxımdan ən çox əziyyət çəkən qoludu. 2-3 saytı çıxmaqla digər saytların əksəriyyəti ciddi maliyyə problemləri ilə üzləşiblər, faktiki olaraq, 1-2 klubun reklamından asılı vəziyyətdə qalıblar. Yəni hardasa həmin sayt klubun qeyri-rəsmi filialına çevrilib. Ona görə də əgər onlayn medianın maliyyələşməsi məsələsi olarsa, mənə elə gəlir ki, ciddi iqtisadi problemləri olan idman saytlarına dövlət dəstəyi olmalıdı. Bu istiqamətdə isə İdman Jurnalistləri Federasiyası aktiv fəaliyyətini davam etdirməli, obyektiv mövqe tutmaqla Media Agentliyi ilə idman mətbuatı arasında əlaqələndirici bir qurum olmalıdı”.
Qabil Mehdiyev (Azsərbaycan İdman Jurnalistləri Federasiyasının prezidenti): “İdman jurnalistikası ölkə mediasının ictimai-siyasi KİV-dən sonra ən böyük qolu sayılır. Həm oxucu və tamaşaçı auditoriyası baxımından, həm də bu sahədə çalışan jurnalistlərin, eləcə də media orqanlarının sayına görə, bu danılmaz faktdı. İdman mediası ölkədə yeganə sahə mediasıdı ki, 2 telekanalı, 3 qəzet və çoxlu sayda idman saytı fəaliyyət göstərir.
Bu gün həqiqətən də, idman mediasının dövlətin qayğısına və dəstəyinə ehtiyacı var. Bununla bağlı təkliflər paketini hazırlayıb yaxın günlərdə Medianın İnkişafı Agentliyinə təqdim edəcəyik. Hazırda həmin təkliflər paketi layihə formasında İdarə Heyətimizdə müzakirə edilir və bu həftə tam hazır olacaq. Ümidvarıq ki, idman mediasının inkişafına birlikdə nail ola biləcəyik.
Yeni yaradılan Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılovla bu barədə görüşümüz də olub. İnanıram ki, yeni rəhbərlik idman mediasına ögey münasibət bəsləməyəcək və dövlətin qayğısını idman jurnalistləri də hiss edəcəklər”.
Mahir Rüstəmli (“Futbol+” qəzetinin baş redaktoru): “Düzünə qalsa, KİVDF sözün bütün mənalarında ömrünü çoxdan başa vurmuşdu. Bu qurumun adı ətrafında elə mənfi imic yaranmışdı ki, yaşaması günah idi. Sahə mətbuatının özünə yer etməsi həmişə bir qədər çətin olub, konkret “Futbol+”in həmin siyahıda yer alması isə Vüqar Səfərlinin bizə canıyananlığının nəticəsi yox, özünün “Futbol+qol” qəzetinə daha çox pul ayırmağa xidmət edən adi bir tutarqa idi. Yeni qurumun üzərinə çox ciddi vəzifələr qoyulub, çox böyük yük düşür. Ölkə mediasının problemləri başdan aşır, işləyənlə işləməyən arasındakı sərhədlər itib, şübhəli maliyyə qaynaqlarına malik media quruluşları var, satış, abunə, reklam bazarı ilə bağlı saysız-hesabsız problemlər həllini gözləyir. Bütün hallarda vəziyyətin əvvəlki ilə müqayisədə yaxşıya doğru dəyişməsini, qəzetlər, saytlar arasında ayrı-seçkilik qoyulmamasını, bərabər rəqabət şəraitinin təmin olunmasını gözləyirəm. Qəzetlərə, saytlara maliyyə dəstəyi göstərilməsinin biznes-plan variantını təklif edərdim. Qoy hər kəs müəyyən biznes-plan hazırlasın, fəaliyyətində hansı nəticələrə nail ola biləcəyini və bunun üçün hansı maliyyənin tələb olunduğunu göstərsin, iş getsin, sonra da ədalətli münsif-ekspert heyəti bütün bu işlərə qiymət versin. İşləyə bilənlərə dəstək verilsin, bilməyənlər başqa çarə tapsın.
Jurnalistikanın hörmətini, sanbalını artıran təşəbbüslərə ehtiyac var. Bu yolda əsas addımlardan biri də jurnalistlərin səviyyəsini artırmaq olmalıdı, yəni biz cəmiyyətdə seçilən təbəqəyə çevrilməliyik. Treninqlər təşkil olunmalıdı, başqa ölkələrin təcrübəsini öyrənməliyik, eyni zamanda jurnalistikada ixtisaslaşma getməlidi ki, hər sahənin bilicilərindən ibarət korpus formalaşsın. Doğma dilimizlə yanaşı, rus və ingilis dillərində sərbəst danışan, yaza bilən jurnalistlərimizin sayı daha çox olmalıdı.
Saytların, qəzetlərin iqtisadı azadlığını təmin etmək üçün reklam bazarı yaranmalıdı. İlk mərhələlərdə hətta müəyyən inzibati yollara da əl atmaq mümkündü. Pulu olmayan, daim gözü onun-bunun cibində olan media maddi rifaha qovuşsa da, mənəvi cəhətdən sıxıntı çəkəcək, belədə isə normal yaradıcı fəaliyyət mümkün deyil”.
Rəşad Ergün (Komanda.az saytının baş redaktoru): “Təklif deməyim, istəyim o olardı ki, dövlət bu və ya başqa formada mətbuata pul, ev verməsin. Elə bir mühit yaradılsın ki, 90-cı illərdə olduğu kimi, saytlar, qəzetlər nə qazanacaqsa, rəqabətlə qazansın. Yoxsa o nazirə məxsus bir qəzet olacaq, bu nazirin saytı olacaq – bu mühitdə inkişaf mümkün deyil. Sonra da dövlətin məmurlarının açıq və ya gizli şəkildə maliyyələşdirdiyi bu media orqanları olur guya ölkənin ən reytinqli, ən hörmətli media orqanları. Mənim istəyim, hətta tələbim hər kəsin istedadını və zəkasını göstərə biləcəyi mühitin olmasıdır. Dövlətin mətbuata yardım adı altında yaratdığı qurumlar o mühitin yaranmasına yox, əksinə, yaranmamasına xidmət edir. Nə qədər eyni adamlar, eyni üzlər media kapitanları kimi bizə sırıdılacaq? Əli Həsənovun, Vüqar Səfərlinin ovcundakı çörək qırıntılarını yalayanlar guya sabah Medianın İnkişaf Agentliyinin bütün tədbirlərində ön sıralarda olmayacaqlar? Olacaqlar. Nə yaradılırsa yaradılsın, bəhrələnən eyni sifətlər, simalar olacaq. İdman mediasına gəlincə, Gənclər və İdman Nazirliyi, AFFA bir dəfə pandemiya dövründə maraqlanıbmı idman mətbuatı ilə? Hə, idman jurnalistləri üçün bir qurum yaradıldı. Ancaq mən bildiyim qədəriylə kiminsə dərdinə dərman olmayıb. Ən yaxşısı, mətbuatdan uzaq olsunlar. İmkan versinlər ki, rəqabət jurnalist istedad və bacarığı üzərində yaransın, yaltaqlıq istedadı üzərində yox”.
Vüsal Mahmudov (Futbolinfo.az saytının baş redaktoru): “Rəsmi sənədlərə baxmaq imkanı olsa, yəqin ki, idman mətbuatının mediaya dəstək layihələrindən kənar qalmadığını görərik. Bildiyim qədər, KİVDF idman mətbuatına da müəyyən diqqət göstərib. Təəssüf ki, seçimlər ədalətli aparılmayıb. Məsələn, həbs edilən Vüqar Səfərlinin oğlunun qəzeti yardım görüb. Hansı ki, bu qəzetin idman mətbuatında heç bir ciddi rolu olmayıb.
Amma o doğrudu ki, dəstəyə layiq olan aparıcı idman KİV-i daim diqqətdən kənar qalıb. Ümumi faiz nisbətində sahə jurnalistikasının payı gülünc səviyyədə olub.
Təbii ki, son islahatlardan sonra ümidlər artıb. Yeni qurumdan ilk növbədə ədalətli yanaşma, doğru araşdırma, real durumu dəqiq dəyərləndirmə gözləyirik. Öncə vəziyyət qiymətləndirilməli, ardınca addımlar atılmalıdı, seçimlər əsaslandırılmalı, göstəriləcək diqqətin hesabatı alınmalı, görüləcək işlərin icrasına nəzarət edilməlidi. Yardım xatirinə yardım, dəstək xatirinə dəstək arzuladığımız inkişafa aparmayacaq.
MEDİA-dan daha çox internet mediasına diqqət gözləyirik. Yazılı mətbuat unudulmamalıdı, lakin operativlik, daha geniş imkanlar baxımından zamanla ayaqlaşmaq lazımdı. İnternet mediasının imkanları müqayisəolunmazdı, əsas diqqət bu sahəyə yönəldilməlidi.
Son günlər rusdilli, ingilisdilli mətbuata daha çox diqqət göstərilməsi barədə təkliflər qarşımıza çıxır. Məncə, ümumi mətbuatı yalnız ölkənin təbliğatı, beynəlxalq fikrə təsir adı ilə yaddan çıxarmaq olmaz. Öncə mətbuatın ümumi səviyyəsi yüksəldilməli, maddi-texniki bazası yaxşılaşdırılmalıdı. Bənzətməylə desək, öncə ana dilini öyrənək, sonra xarici dillərə maraq göstərərik. Təbii ki, lazımlı və vacibdi, amma öncə baza düzəlməli, möhkəmlənməli, ardınca şaxələnməlidi.
İdman mediasında problem daha çoxdu. Daim diqqətdən kənar qalması üzündən sahə jurnalistikasının bu qolunda primitiv şərait yoxdu. İstedadlı kadrlar kifayət qədərdi, amma redaksiyaların yoxluğu üzündən mobil komanda işi yoxdu. Maddi-texniki bazanın minimal tələblərə cavab verməməsi əsas problemdi. Bu sahədə təcrübəli insanların, eyni zamanda istedadlı gənclərin vəhdətindən bir neçə güclü KİV təşkil etmək mümkündü. Daha doğrusu, bünövrəsi olan mətbuat orqanlarına dəstək verməklə onların böyüməsinə şərait yaradılmalıdı. İnanın ki, yeni qurumun layihələrini idman mətbuatı digərləri ilə müqayisədə, daha uğurla yerinə yetirəcək, qayğıya adekvat qarşılıq verəcək.
İdman mətbuatı bu dəfə unudulmamalıdı. Ölkədə keçirilən beynəlxalq yarışların işıqlandırılması baxımından daim axsamışıq. AVRO-2020-nin final mərhələsinin bir neçə oyununun Bakıda keçiriləcəyini nəzərə alsaq, xoşagəlməz sürprizin astanasındayıq. Futboldan başqa idman növlərində də ölkəmiz hər il onlarla mötəbər yarışa evsahibliyi edir, lakin mətbuatın iş əmsalı istənilən kimi olmadığından təbliğat baxımından geri qalırıq.
Xaricdə keçirilən yarışların işıqlandırılması baxımından isə vəziyyət faciəvidi, həmkarlarımızın ölkədən çıxmaq üçün minimal imkanları yoxdu. Qonşu Rusiyada keçirilmiş futbol üzrə dünya çempionatında Azərbaycanın bircə təmsilçisi belə yox idi. Zənnimcə, utanc duyulmalı faktdı.
Redaksiyaların olmaması, təcrübəli insanların bacarığından istifadə edilməməsinin nəticəsidi ki, müxtəlif istiqamətlər üzrə bacarıqlı kadrlar azdı. Azərbaycan illərdi “Formula 1”-ə ev sahibliyi edir, lakin idmanın bu növündən yaza biləcək jurnalistimiz yoxdu. Belədə onların xaricdəki mərhələ yarışlarına ezam olunmasından ümumiyyətlə, danışmağa dəyməz.
Kəsəsi, mətbuatda problem yetərincədi. Nə yazıq ki, idman mətbuatında durum daha faciəvidi. Bu səbəbdən MEDİA-nın islahatlar zamanı daha diqqətli olacağına ümid edirik”. (Futbolpress.az)