“Bu, ilin ilk iclası idi, pandemiya ilə əlaqədar onlayn formatda keçirdik. Müxtəlif qonaqlar dəvət olunmuşdu. Onların arasında Beynəlxalq Futbol Assosiasiyaları Şurasının (IFAB) rəhbər şəxsləri də var idi. İclasda 2020-ci ildə futbolda edilən dəyişikliklər və sonrakı planlar barədə danışıldı”.

Futbolinfo.az xəbər verir ki, bu fikirləri “Report”a açıqlamasında “Qarabağ”ın baş meneceri Asif Əsgorov Avropa Klublar Birliyinin (ECA) iclasında müzakirə olunan məsələlər barədə danışarkən deyib.

ECA-nın İşçi Qrupunun sədr müavini vəzifəsini də icra edən A.Əsgərov toplantıda videotəkrar (VAR) sistemindən də danışdıqlarını sözlərinə əlavə edib: “Son zamanlar futbolda aktual olan beyin silkələnməsi məsələsini də gündəmə gətirdik. Belə düşünülür ki, gələcəkdə beyin silkələnməsi halında komandalara əlavə dəyişiklik üçün icazə verilsin. İclasda əsasən, baş verə biləcək dəyişikliklər müzakirə edildi. 2021/2022 mövsümündən start götürəcək Konfrans Liqasının iştirakçı klublarına ayrılacaq vəsait hələ bəlli deyil. UEFA bu barədə qərar verməyib. Klublar çalışırlar ki, maksimum Avropa Liqası dəyərində turnir olsun. Bunun üçün də maliyyə məsələləri vacibdir. Hazırda Avropa futbol qurumu ilə danışıqlar gedir”.

Əsgərovun sözlərinə görə, bütün klublar Konfrans Liqasına marağın çox olmasının tərəfdarıdır: “Böyük klublar da istəyirlər ki, maraq əvvəlki dönəmlərdə keçirilmiş və sonradan ləğv olunmuş yarışlardakı kimi olmasın. Məsələn, əvvəl İntertoto Kuboku keçirillirdi və sonradan ləğv edildi. Konfrans Liqasının aqibətinin bu cür olmasını istəmirlər. İstəyirlər ki, maksimum dərəcədə sponsorlar cəlb olunsun. Konfrans Liqası Avropa Liqası ilə eyni gündə başlayacaq. Çalışırlar ki, bu turniri də Avropa Liqası səviyyəsində keçirsinlər”.

“Qarabağ” rəsmisi deyib ki, iclasda müzakirə edilən digər məsələ avrokuboklardakı səfər qolu ilə bağlıdır: “İFAB-ın nümayəndəsi də müzakirələ qoşuldu. Bir oyunda 1:1, digərində isə 0:0 olacağı təqdirdə, səfərdə qol vuran komanda növbəti mərhələyə vəsiqə qazanmış olur. Bu məsələ də müzakirə edildi ki, iki bərabərlik halında rəqib meydanda vurulmuş qol nəzərə alınmasın. Sonra əlavə 30 dəqiqə oynanılsa, bu, necə olacaq? Hazırda bu da müzakirə edilir ki, belə olacağı təqdirdə, hansısa komandanın haqqına giriləcəkmi? Bu kimi məsələləır müzakirə olunur. Burada bir nüans ortaya çıxdı ki, ikinci 90 dəqiqədən sonra əlavə vaxt var. Hər komanda öz evində 90 dəqiqə oynamış olur, əlavə 30 dəqiqə ikinci komandanın meydanında olsa, birincinin hüququ tapdalanmış olur. Yəni, bir klub rəqib meydanında 30 dəqiqə daha çox oynayır. Ev sahibinin 30 dəqiqə üstünlüyü olur və bu məsələ ona görə açıq qalır. İki bərabərlik olarsa, birbaşa penalti zərbələrinə də keçilə bilər. Detalları çox açıq demək istəmirəm, müzakirə edilən çox məsələ var”.

2024-cü ildən sonra Çempionlar Liqasında (ÇL) çoxlu dəyişiklik ola bilər. ECA-nın İşçi Qrupunun son iclasının gündəliyindəki məsələlər barədə danışan A.Əsgərov bildirib ki, hazırda 2024-2027-ci illərdəki avrokubokların formatı müzakirə edilir. Lakin o, ÇL-in müzakirə edilən yeni formatı ilə bağlı tam açıqlama verə bilməyəcəyini bildirib.

“Qarabağ” rəsmisi əlavə edib ki, məsələ müzakirə edildiyi üçün detalları açıqlaya bilməz: “Bu il Konfrans Liqası start götürəcək. İndiyədək Avropa Liqasında çıxış etmiş bir çox komanda orada çıxış edəcək. Amma Çempionlar Liqasına toxunulmadı. 2024-cü ildən sonra ÇL-in formatının tam dəyişilməsi gündəmdədir. Oyunların sayının artırılması, qrupların ləğvi və bu kimi məsələlər müzakirə edilir. Qrupsuz bir sistem olsun, hazırda bunu müzakirə edirik, 2024-cü ildən sonra başqa bir sistem gözlənilir. Lakin gizli saxladığımız üçün çox açıqlama vermək istəmirəm və detallarını deyə bilmərəm. 2024-cü ildən sonra Çempionlar Liqasının formatında böyük dəyişikliklər gözlənilir. Yəni, UEFA reytinqinə görə ölkələr 4 kateqoriyaya bölünür. Birinci kateqoriyada “böyük beşlik” ölkələri yer alır. Bu, hər zaman belə olub, onlar çalışırlar ki, özləri olan və daha qapalı Çempionlar Liqasında iştirak etsinlər. 3-4-cü kateqoriyadakı ölkələr isə çalışırlar ki, komandaların sayı artsın və bunlar daha çox vəsiqə qazana bilsinlər”.

“Qarabağ” rəsmisi “Yeni format Azərbaycan təmsilçilərinə nə kimi xeyir verə bilər” sualına belə cavab verib: “Mən 2017-ci ildən İşçi Qrupundayam, əvvəl 2021 – 2024-cü illəri müzakirə edirdik. Hazırda 2024 – 2027-ci illərin müzakirəsi ilkin mərhələdədir. Bizim kimi ölkələrin əsas tələbi və marağı maliyyənin klublara nə qədər ayrılacağı, təsnifat mərhələsində klubların nə qədər qazanacaqlarıdır. Qruplar qalacağı təqdirdə, neçə qrup olacaq və neçə komanda iştirak edəcək? Bu kimi suallar var. Bizim kimi ölkələrin əsas marağı maliyyədir. UEFA-nın turnirlər üçün ayıracağı maliyyə vəsaiti gündəmdədir. Bildiyiniz kimi, Avropa Liqasının gəlirləri özünü ödəmir. Çempionlar Liqasından ora vəsait ayrılır ki, bu da Avropa Liqasında iştirak edənlərə ödənilir. Bizim kimi klubların nümayəndələri ECA-nın İşçi Qrupunun iclasında az təmsil edilir. Buna baxmayaraq, maraqlarımız digər klublarla kəsişir”.

Shares: