Premyer Liqada ciddi qütbləşmə başlayıb. Turlar keçdikcə komandalar arasında səviyyə fərqi özünü göstərir və işini düzgün quranlar, sabitlik qazananlar zirvədə möhkəmlənir. Büdcə bu məsələdə əsas meyar deyil, olsaydı, “Sabah”la “Keşlə” ilk “üçlük”də qərarlaşardı. Amma faktdı ki, izləyiciləri ilə xal fərqini artırmaqda olan liderlər oynadıqları futbolla seçilənlərdi.
Koronavirus üzündən 2-ci dövrənin 2021-ci ilə təxirə salınan son turu start götürdü və zirvədə qərarlaşan 3 komanda rəqiblərinə aman vermədi. “Neftçi” hələ də real, ehtiyatda oyunu olan “Qarabağ” potensial liderdi və “Zirə” onlarla sürət yarışına davam gətirir.
Baş məşqşisi Samir Abasovun da etiraf etdiyi kimi, “Neftçi” xüsusilə ilk hissədə çox pis oynadığı matçda qələbə qazandı. “Səbail”lə səfər görüşündəki 3 xal komanda oyunu yox, bir neçə futbolçunun fərdi bacarıqları hesabına qazanıldı. Xüsusilə dubl edən Sabir Buqrin epizod yarartmaqda çətinlik çəkən yoldaşlarına ruh verdi. Onun cərimə meydançası kənarından vurduğu iki möhtəşəm zərbəyə Emin Mahmudov cərimə zərbəsindən vurduğu qolu əlavə edincə, qalib müəyyənləşdi.
Abasovun gəlişindən sonra məhsuldarlığı artan, məğlubiyyət görməyən “Neftçi” zədəliləri qayıtdıqdan sonra daha yaxşı olacaq. Lakin bütün üzvlərinin sırada olduğu müdafiə xəttinin problemləri nəzərdən yayınmamalıdı. “Səbail” ilk yarıda qonaqların müdafiəsini aşsüzənə çevirmişdi, ara ötürmələri ilə saysız epizodlar yaradırdı. Bunu daha güclü komandaların bağışlamayacağı dəqiqdi.
“Zirə” də inamlı qələbə qazandı. Rəşad Sadıqov komandanın mübariz ruhunu qoruya bilib və qışadək oynanılan futbolu dünən də izlədik. Hər hissənin sonunda, əks-hücumdan vurulan qollarla sevinən “qartallar”ın inadkar “Qəbələ”ni təslim etməsi özlərinə inamı artıracaq. Musa Qurbanlının qollu debütü də yerinə düşdü. Deməli, qış transferlərində atılan addımlar yerindədi, yeni gələnlər boşluqları doldurmağa xidmət edəcək.
“Qəbələ”nin heyəti gücləndirə bilməməsi yəqin ki, uğursuz nəticələrlə müşaiyət olunacaq. Düzdü, komanda pis təsir bağışlamır, amma rəhbərliyin büdcəni “sıxması” yüksək yerlərə iddia edilmədiyinin göstəricisidi. Əyalət klubu mövsümü orta sıralarda başa vurmağa çalışacaq, yayda isə naməlum taleyinə növbəti dəfə aydınlıq gətirəcək.
Bütün komandaların xal aldığı liderlər – “Neftçi” və “Qarabağ” yalnız “Sabah”ı asanlıqla təslim edib. Ağdamlılar dünən bu komandanı ikinci dəfə yenib, autsayderliyə layiq olduğunu göstərdi. Çempion heyətdəki itkilərə, rotasiyalara baxmayaraq, rəqibinə istədiyi vaxt qol vura biləcəyini göstərdi. Düzdü, qonaqlar çox parlaq oynamadı, amma fasilədən sonrakı ilk oyunlarda bu, gözlənilən mənzərə idi. Və hətta gəzə-gəzə 3 xal qazanmaq mümkündüsə, deməli, “Qarabağ”ın zirvəyə qayıtması çətin olmayacaq. Bütün fikrini çempionata yönəldəcək “Qarabağ” “Səbail”lə ehtiyatdakı matçda seriyasını davam etdirib, yenə hamıya yuxarıdan aşağı baxacaq.
Dünən hesabı erkən açan, ikinci hissənin əvvəlində təsadüfi qol buraxan ağdamlılar qısa müddətdə toparlandı. Və bunda Qurban Qurbanovun əvəzləmələri mühüm rol oynadı. Filip Ozobiçin yoxluğunda mərkəzdə əziyyət çəkən qonaqların baş məşqçisi Abdullah Zubiri hücumun arxasına çəkməklə problemi çözdü. Fransalı yarımmüdafiəçi həm qələbə qolunu təşkil etdi, həm də bu mövqedə komandasının üstünlüyünü möhkəmlətdi.
Bu gün üz-üzə gələcək “Keşlə”ylə “Sumqayıt” turnir cədvəlindəki qütbləşməni dərinləşdirə bilər. Xüsusilə “kimyaçılar” ilk “dördlük”dən uzaq düşməmək üçün uduzmamalıdı. Turun bağlanış matçı bu komandaların hədəflərinə, qış hazırlığından necə faydalandığına da aydınlıq gətirəcək.
FƏRİD