14 oyuna 13 qol, 13 xal! Orta hesabla hər oyun 1-in altındadı və bu nəticə büdcəsinə görə ilk “üçlük”də olan “Sabah”a yaraşmır. Ardıcıl uğursuz oyunların qismət etdiyi sonuncu pillə paytaxt təmsilçisinə doğmalaşır.

Artıq liderlər qrupundan uzaqlıq məsafəsi 10 xala çatıb. Düzdü, qarşıdakı 14 turda çox şey dəyişə bilər – lakin nəzəri hesablamaların “Sabah”a dəxli yoxdu. Çünki bu komanda futbol oynamır, Visente Qomes hələ nə istədiyini özü anlamaqda çətinlik çəkir.

“Qarabağ”a dünənki məğlubiyyət bəlkə də “Sabah” üçün eyib sayılmaz. Rəqib son illərin dəyişməz çempionu, bəlli gücü olan komanda idi. Amma ötən 14 turda “Sabah”dan başqa bütün çempionat iştirakçılarının ağdamlılardan ən azı bir dəfə xal aldığını xatırlayanda fərqli düşünməli olursan. Bu nəticə təkcə “Qarabağ”ın gücüylə bağlı deyil, Qomesin işində qüsurlar var.

Doğrusu, 2:1 hesabıyla “Qarabağ”ın qələbəsi ilə başa çatan matçdan sonra ispan məşqçinin verdiyi açıqlamalar qıcıq doğurdu. Karyerası bir qəpiyə dəyməyən birinin az qala hamıya ağıl öyrətməsi, özündən başqa hamını günahkar bilməsi əsəbə toxunur. Klub rəhbərliyinin səbr kasası dərin ola bilər, lakin bu, Qomesin ağzına gələni danışmasına, özünü qəhrəman kimi göstərməsinə səbəb verməməlidi.

Sitat: “Çox yaxşı oyun alındı. Oyunda həm qol imkanlarımız, həm də yaxşı intensiviliyimiz var idi. Səhvlərimiz də oldu. Çalışmalıyıq ki, səhvlərimizi azaldaq. “Qarabağ” kimi komandalara qarşı belə səhvlər olduqda, cəzalanmaq qaçılmazdır”.

Yəqin ki, Qomesin yaxını görmək problemi var. O, tribunada və ya ekran qarşısında əyləşsəydi, meydanın kənarından izlədiyi “Sabah”ı fərqli görərdi. Qapıya zərbə vurmaqda, hətta hücum qurmaqda çətinlik çəkən “Sabah”ın hansı yaxşı oyunundan danışa bilərik? Nə olsun ki, rəqib “Qarabağ”dı? Bu komandadan evdə xal ala bilməyəndən sonra nəyə ümid edəsən? Ağdamlılar kimi, digər komandalarla matçlardan sonra da bəhanələr tapmaq olar. “Neftçi”nin tarixindən, “Qəbələ”nin bölgə təmsilçisi olmasından, “Zirə”nin əla komplektləşməsindən və s. danışıb ili başa vurmaq mümkündü. Bəs, “Sabah” hansı mənada seçiləcək?

Visente səhvlərin olmasından, onların sayını azaltmağın gərəkdiyindən danışır – həm də mövsüm başlayandan indiyə kimi. Bəli, lazımdı, lazımdı, lazımdı… Amma bunu kim etməlidi? Ramil Şeydayev, Xulio Rodriges, Slavik Alxasov, Təmkin Xəlilzadə, Amin Seydiyev, Bəhlul Mustafazadə, Aleksey İsayev – siyahını uzatmaq olar, nəticə isə eynidi. Bu futbolçuların hamısı əvvəlki klubları ilə müqayisədə indi daha zəif oynayırlar. Bir nəfərin oyununda geriləmə olsa, günahkar həmin futbolçu olar, amma hamı düşüşdədisə, bunun yeganə suçlusu baş məşqçidi. Yerli oyunçulara görə milli komandanın heyətinin yarısına sahib olan “Sabah” son pillədə qərarlaşmamalıdı.

Səhvlərdən danışan Qomes ilk öncə özünə ütü çəkməlidi. Şeydayev, Xəlilzadə, Coşqun Diniyev kimi futbolçuları ehtiyata atırsansa, onları qazana bilmirsənsə, deməli, komandada artıq olan özünsən. Həmin futbolçular ki, meydana girən kimi fərq yaradırlar. Hər tura fərqli heyətlə çıxmaq, daimi əsas heyət oyunçularının olmaması xaosun işarəsidi.

Bu qədər milli üzvünü, bahalı legioneri ehtiyata atmaq, dünən gələn Fofana Tiemokonu ciddi şəkildə yoxlamadan start heyətə salmaq naşılıq nümunəsidi. Bir ildi futbol oynamayan, son klublarından zəif olduğu üçün çıxarılan Bəxtiyar Həsənalızadə 90 dəqiqə oynayırsa, buraxılan hər iki qoldakı mövqe səhvinə rəğmən əzizlənirsə, Qomesin etdikləri futbolla məzələnməkdi.

İspan çalışdırıcı jurnalistin “Sabah” heyət və büdcə baxımından Premyer Liqada 1-2 klubdan geri qalır. Lakin turnir cədvəlində sonuncu sıradasız. Bu, nə ilə bağlıdır” sualına görün nə cavab verib: “Büdcə və heyətlə bağlı nəsə deyə bilmərəm. Mən bura gələndən nə qədər oyunçu transfer etmişik – ona fikir verin. Transfer edə bilmiriksə, deməli, büdcəmiz yaxşı deyil. Mən gələndən istəyirəm ki, əlimdə olan heyətlə nəsə edim”.

Bu atmaca Qomesin nazıyla oynayan klub rəhbərliyinədi. O, rəhbərliyi sponsorlarla qarşı-qarşıya qoyur, bəlkə də özünə bəraət qazandırmaq üçün ifşa edir. Demək istəyir ki, “nə olsun büdcəmiz genişdi, çox pul xərclənib, mən gələndən sonra az futbolçu almışıq”. Sadəlövh rəhbərliyə bu da azdı, indiki gedişlə onlar gedəcək, Qomes qalacaq.

İspan çalışdırıcının ötən 8 aydakı fəaliyyətindən danışarkən işlədiyi ifadələrə baxın: “Məşqçi kimi məşqlərdə qapıya zərbələr üzərində işləyirik. İstəyirik yaxşı atmosfer yaradaq ki, futbolçular qol vura bilsin”.

Sanki bədən tərbiyəsi müəllimi danışır…

Qomesin rəhbərliyi hədəf göstərdiyi, uğursuzluğun məsuliyyətini onların boynuna qoyduğu hər kəlməsindən hiss olunur. Elə istefa verməməsini də belə sığortalayır: “Belə nəticələr olanda fikirlər də çox olur. Rəhbərlik davam etməyimi məqbul sayıb və davam edirəm”.

Yəni ki, sonuncu pillədə olmaq klub rəhbərliyini qane edir və onlar məşqçinin qalmağını istəyirlər. Visente bu vəziyyətin günahkarı kimi klub rəsmilərini yükləyir, onları özünə şərik çıxarır, tənqid payını bölüşdürməyə cəhd edir. Bəlkə də həqiqətdi, bundan sonra onların verəcəyi reaksiyalara da diqqət yetirərik.

Qomes o qədər arxayındı ki, hələ də yeni oyun fəlsəfəsi axtarır, nəticələr vecinə deyil: “Mənim əvvəl oyun düşüncəm var idi. Lakin sonradan – “Qəbələ” ilə oyundan sonra başqa oyun tərzinə keçdik. İndi də hələ bu oyun tərzindəyik. İnanıb dəyişmişəm. Oyun tərzini dəyişdikdən sonra “Zirə”yə uduzduq, lakin həmin oyunda penaltidən yararlana bilmədik, imkanlarımız da çox olmuşdu. Komanda artıq daha yaxşı oynayır və daha da yaxşılaşdırmalıyıq. Bərbad oynadığımızı düşünmürəm. Nəticənin yaxşı olmadığını mən də bilirəm. Minimum istədiyimizi meydanda sərgiləyə bildik. Bu gün sadə bir səhvdən sonra qol buraxdıq”.

Sən demə, “Sabah” “təcrübə dovşanı” imiş. Klub rəhbərliyi Qomesi məhz oyun fəlsəfəsinə, futbola baxışına görə seçmişdi. İndi isə bəlli olur ki, “qiymətləndirilən” həmin “fəlsəfə” heç nəyə yaramayıb və ispan Bakıda yeni mərhələyə başlayır. Bu təcrübə də fayda vermir. “Sabah”ın sponsorlarının səbri isə sərhədsizdi, alınmasa, 3-cü, 4-cü “fəlsəfə dərsləri”nə də dözəcəklər. Qomesə halaldı, ovsunlayıb pulunu qazanır, kimsə uğursuzluğun hesabatını istəmir.

“Sabah”ın adı gözəl seçilib. Bu ad hədəfdi, məqsəddi, uğuruna ümid edilən layihənin istiqamətidi. Daha uğurlu SABAHLAR üçün isə doğru adamlarla doğru işlər görülməlidi. Nə yazıq ki, “Sabah” bugünədək məşqçi baxımından ən pis seçimləri edib. Klub infrastrukturu, büdcə, oyunçu seçimindəki sərhədsizlik – nəticə…

Ən pisi odur ki, “Ferrari”nin sükanını tapşırmağa Şumaxer tapa bilmirlər, hər dəfə sürücülük vəsiqəsini rüşvətlə almış naşı bir sürücü gətirirlər. Özləri bilər. Allah daha betər qəzalardan qorusun!

AĞA

Shares: