Türkiyənin “Kayserispor” klubu ciddi itki ilə üzləşib.
Futbolinfo.az xəbər verir ki, Super Liqa təmsilçisinin rumın hücumçusu Denis Alibek uzun müddətə sıradan çıxıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. “Başakşəhər”lə çempionat oyununda zədələnən 30 yaşlı futbolçunun azı 6 həftə yaşıl meydanlardan uzaqda qalacağı diqqətə çatdırılıb.
Kayseri təmsilçisinin digər zədəlilərinə gəlincə, “Beşiktaş”la oyunda sıradan çıxan Migel Lopes bir həftə sonra məşqlərə başlaya biləcək. Qapıçı Silviu Lunqun da müalicəsi bitmək üzrədir və o da tezliklə məşqlərə başlayacaq.
Yeri gəlmişkən, “Kayserispor” yeni transferini də rəsmən açıqlayıb. Super Liqa klubu “Fatih Karagümrük”dən transfer etdiyi 24 yaşlı Ramazan Civelek ilə 2.5 illik müqavilə bağlayıb.