Aftandil Hacıyev klub rəhbərliyindən narazıdı. “Səbail”in baş məşqçisi birbaşa ad çəkməsə də, problemləri qabartmaqla mövcud duruma etirazını bildirir.

Dünən “Neftçi” ilə matçdan sonra yeni transferlərin yubanmasından şikayətlənən çalışdırıcı bunu klubdakı sistemsizliklə əlaqələndirib: “Klubda bunu görən şəxslər olmalıdır, amma bizdə məşqçilərin üzərinə yük düşür. Şərtlər də çətindir. Hər futbolçu gəlmir. Seleksiya işimiz nəticəsində gec də olsa, istədiyimiz oyunçuları cəlb edirik. Birini yekunlaşdırmışıq, biri də yoldadır. Müdafiəçi də almaq istəyirik. Mən də istəyirəm ki, yaxşı, keyfiyyətli və bahalı futbolçular alaq. Məcburuq ki, vəziyyətə uyğun hərəkət edək. Tez bir zamanda müdafiəçi və dayaq yarımmüdafiəçisi almaq niyyətindəyik”.

Hacıyev bu açıqlama ilə “Səbail”in klub yox, həvəskar komanda olduğunu göstərib. Bayıl təmsilçisində faktiki olaraq, bütün işləri məşqçilər görür. Transferləri bütün detallarına kimi həll etməyə məcbur olan bu şəxslər “Səbail”də müvafiq postlar olmadığından, çıxılmaz vəziyyətə düşüb.

Əslində, “Səbail” kimi qondarma klublar qısamüddətli “pulyemə layihələri”di. Sistemli iş görülmür, müəyyən büdcə ayrılır, sayla oyunçu alınır, həmin pul xərclənir, mövsüm başa vurulur. Nə planlı iş var, nə də xərclənən pulun hesabatı. “Azərbaycan futboluna yeni istedadlar bəxş etmək” adı ilə yaradılan “Səbail” veteranların və müvəqqəti əcnəbilərin oylağına çevrilib.

AFFA prezidenti Rövnəq Abdullayevin oğlunun məlum “oğurlanan saat qalmaqalı”ndan sonra klub başsız qalıb. Sabiq icraçı direktor Ramin Həsənovun gedişinin ardınca klubda sistemsizlik hökm sürür. Ona əvəzedici təyin edilən Fərəc Əliyev klub idarəçiliyndə bacarıqsızdı, daha çox inzibatçı funksiyasını yerinə yetirir. Bu səbəbdən tutduğu posta birdəfəlik təsdiqlənmir. Başqa birini gətirmək, səlahiyyət vermək heç kimin yadına düşmür və ya hansısa səbəbdən sərfəli deyil.

Reallıq klubda ciddi problemlərin mövcudluğudu. Artıq baş məşqçi də dilə gəlibsə, deməli, müəyyən addımlar atılmalıdı.

Shares: