Elnur Cəfərov böyük futbola qayıdıb. Vaxtilə ölkənin ən istedadlı gənclərindən hesab olunan yarımmüdafiəçi karyerasını bərpa etməyə qərar verib.
Futbolinfo.az xəbər verir ki, “Xəzər Lənkəran” yetirməsi olan 23 yaşlı futbolçu uzun fasilədən sonra yenə top qovacaq. Amma indi o Premyer Liqada deyil, I divizionda arzularının dalınca qaçacaq.
Lənkəran klubunda 46 matç keçirmiş Elnur sonralar menecer Riad Rəfiyevin toruna keçmişdi. Məhz bu şəxsin qazanc mənbəyi kimi baxdığı futbolçu ulduz xəstəliyinə tutulmuş, klub-klub gəzmiş, yekunda işsiz qalmışdı. Rəfiyevin apardığı Xorvatiyanın aşağı dəstə təmsilçisi “Duqopolye”də 13 oyuna çıxan Cəfərov, sonradan Portuqaliyada görünmüşdü. Amma cinah oyunçusu “Tondela” ilə bağladığı müqaviləni meydana çıxmadan pozmuşdu.
Xarakterində bir sıra problemlər olan Elnur məhz xasiyyəti üzündən möhkəmlənə bilmədiyi xarici klublardan dönüncə “Neftçi”də 9, “Keşlə”də 3 oyunda şans qazanmışdı. Lakin bu klublarda da özünə gəlmək istəməmiş, əvəzedici heyətlərə göndərilmişdi. Yekunda 2019-cu ildə “Sumqayıt”a keçən Cəfərov burada ümumiyyətlə, şans qazanmamış və karyerasını bitirmişdi.
2 ildən çoxdu futbol oynamayan Elnurun ağlı indi başına gəlib. Və ona növbəti şansı “Qaradağ Lökbatan” verib. Cəfərovun dəyişib-dəyişmədiyini zaman göstərəcək.