Bəzi statistikalar sadəcə, rəqəm toplusu kimi görünə bilər. Amma onlardan faydalanmaq, diqqət etmək zərər gətirməz.

Premyer Liqanın 14-cü turuyla mövsüm yarılandı. 2 dövrənin yekununa görə, “Neftçi” və “Qarabağ” turnir cədvəlinin zirvəsində qərar tutub. Bakılılar ilk pilllədə olsa da, ehtiyatda oyunu olan ağdamlıların önə keçmək şansı qalır.

Maraqlıdı ki, bombardirlər yarışında da bu cütlüyün futbolçuları qərarlaşıb. Hərəyə 8 dəfə fərqlənən Namiq Ələsgərovla Mahir Emreli mövsümün ən sərrastı olmaq üçün yarışa giriblər.

14 turda cəmi 18 dəfə fərqlənən “Neftçi”nin qollarının böyük hissəsini vuran Namiqdən fərqli olaraq, “Qarabağ”ın 33 topundan 24 faizinə imza atan Mahirin uğuru zəif görünə bilər. Amma unutmayaq ki, Emrelinin növbəti həftə ehtiyatdakı oyunda “Səbail”i cəzalandırmaq şansı qalır. Eyni zamanda ağdamlıların bombardirlik yarışında başqa bir namizədinin – Filip Ozobiçin olduğunu da unutmayaq. Xorvat 7 qolla 21 faizlik payı özünə ayırıb.

Çempionatın ən məhsuldar 4 oyunçusunun fərqləndiyi dəqiqələr də maraqlı mənzərəni ortaya çıxarır. Məsələn, Namiq üçün oyunun 60-cı dəqiqələri ən uğurlu vaxtdı. O, qollarından tən yarısını 65-68-ci dəqiqələr arasında vurub. 68-ci dəqiqədə 2 dəfə fərqlənən Ələsgərovun son 22 dəqiqəni boşa verdiyini də qeyd edək.

Mahir matçların ilk 39 dəqiqəsini həmişə boşa verir. Emreli 8 qoldan 6-ı fasilədən sonra vurub. 65-75-ci dəqiqələrə 4 top sığışdıran hücumçunun ən təhlükəli olduğu vaxt da bu zamanlardı.

Filip Ozobiç də qollarını əsasən fasilədən sonra vurub. Onun hesabında 4-cü dəqiqə də var, oyuna əlavə olunmuş 5-ci dəqiqə də.

Əli Qurbani isə hamıdan fərqlənir. “Sumqayıt”ın forvardı işi fasiləyə kimi bitirməyi xoşlayır. 6 qollu cənubi azərbaycanlı yalnız 2 dəfə ikinci hissəni gözləyib. Əli matçın son yarım saatında fərqlənməyib, əsasən ilk hissənin ortalarında bacarığını göstərir.

Ümumiyyətlə, bu 4 bombardir 29 qolun yalnız 12-i ilk yarıda vurub. İlk yarım saatda 8 dəfə fərqlənən “snayperlər”, 31-60-cı dəqiqələr aralığında 11 dəfə toru silkələyib, 10 qol son yarım saata qalıb.

Namiq Ələsgərov (“Neftçi”) – 8 qol

16, 29, 45+3, 57, 65, 66, 68, 68-ci dəqiqələr

Mahir Emreli (“Qarabağ”) – 8 qol

39, 45, 58, 65, 69, 72, 75, 89-cu dəqiqələr

Filip Ozobiç (“Qarabağ”) – 7 qol

4, 21, 30, 51, 52, 60, 90+5-ci dəqiqələr

Əli Qurbani (“Sumqayıt”) – 6 qol

14, 26, 28, 33, 46, 52-ci dəqiqələr

4 bombardirdən üçü səfər matçlarında daha çox fərqlənibsə, Mahir ev görüşlərində qarşısıalınmaz olur. Namiq 3 (səfərdə 5), Filip 2 (5) və Əli 2 (4) dəfə doğma meydanda qol vurub və daha çox səfərdə komandasına uğur qazandırıb. Emreli isə qonaq kimi 2, ev sahibi kimi 6 dəfə toru silkələyib.

CAVAD

Shares: