Sabah futbol üzrə Azərbaycan kubokunda 2020/21 mövsümünə start veriləcək.
Futbolinfo.az xəbər verir ki, 1/8 final mərhələsinin oyunları iki günü əhatə edəcək.
“Qəbələ” ikinci oyun günündə meydana çıxacaq. “Qırmızı-qaralar” birinci divizion təmsilçisi “Turan Tovuz”la üz-üzə gələcək. Elita təmsilçisi 1/4 finala vəsiqə uğrunda görüşü səfərdə keçirəcək.
Bu qarşılaşma ilə “Qəbələ” ölkə kubokunda 16-cı dəfə mübarizəyə qoşulacaq. Ötən mövsüm koronavirus pandemiyası üzündən başa çatmadığı üçün Azərbaycan kubokunun son qalibi sayılan “Qəbələ” 2018/19 mövsümündə titula yiyələnib. Turnirdə 2005/06 mövsümündə debüt edən “qırmızı-qaralar” 1 dəfə qalibi olduğu (2018/19) yarışda daha üç dəfə finalda (2013/14, 2016/17, 2017/18) oynayıb. Dörd mövsümdə yarımfinalçı (2007/08, 2008/09, 2015/16, 2019/20) olan komanda ötən turnirdə bu mərhələyədək irəliləsə də, oyunlar baş tutmayıb. 4 dəfə 1/4 finalda (2010/11, 2011/12, 2012/13, 2014/15) mübarizəni dayandıran “qırmızı-qaralar” üç mövsümdə (2005/06, 2006/07, 2009/10) yarışla daha erkən – 1/8 finalda vidalaşıb.
“Qəbələ” ölkə kubokunda 67-ci oyununa çıxacaq. İndiyədək keçirilən 66 qarşılaşmada “qırmızı-qaralar” 36 dəfə qalib gəlib, 17 dəfə heç-heçə edib və 13 dəfə uduzub. Rəqib qapılarından 112 top keçirən “Qəbələ” 55 qol buraxıb. Kubokdakı son 7 matçda meydanı qolsuz tərk etməyən komandanın davam edən qələbə seriyası 3 oyundan ibarətdir.
Azərbaycan kubokunda 195 futbolçu qırmızı-qara forma ilə meydana çıxıb. Ürfan Abbasov hamıdan çox – 28 oyunda iştirak edib. Voyislav Stankoviç 21, Cavid Hüseynov 19, Samir Zərgərovla Elvin Camalov 18, Dmitri Bezotosnı, Asif Məmmədov 16 dəfə şans qazanıb.
Ölkə kubokunda vurulan 112 qola 56 futbolçu imza atıb. İki top isə rəqib avtoqolu hesabına gerçəkləşib. “Qəbələ”nin kubokdakı bombardiri Kənan Kərimovun aktivində 7 qol var. Filip Ozobiç 6, Vüsal Qarayev 5 dəfə fərqlənibsə, Viktor Mendi, İbrahim Hüseynov, Daniel Subotiç, Aleksey Qay və Baqali Dabo 4 qola sevinib.
“Qəbələ” tarixində ilk dəfə “Turan Tovuz”la qarşılaşacaq. Komanda indiyədək kubokda 19 rəqiblə üz-üzə gəlib. Tovuz təmsilçisi “qırmızı-qaralar”ın 20-ci rəqibi olacaq. “Qəbələ” daha çox – 9 dəfə “Qarabağ”la qarşılaşıb. AZAL və “Bakı” ilə 6, “Neftçi” və “Keşlə” ilə 5 oyun baş tutub.
Xatırladaq ki, yanvarın 25-də keçiriləcək “Turan Tovuz” – “Qəbələ” oyununa saat 14:00-da start veriləcək. Görüş Tovuz şəhər stadionunda baş tutacaq.