Yunis Hüseynov tezliklə “Keşlə”dən ayrılacaq. Onun baş məşqçi postunu tərk etməsi üçün zəmi hazırlanır. Hələlik sözəbaxan kimi postundadı, lakin bu da uzun sürməyəcək.
Doğrudu, komandanın 7-ci pilləyə düşməsi, uzun müddətdi qələbəyə həsrət qalması da bunda rol oynayacaq. Lakin əsas səbəb klubdaxili qarşıdurmadı. Ceyhun Sultanov idman direktoru postuna gəldikdən sonra heyətlə bağlı məsələlərə ciddi şəkildə qarışır, start “11-liy”inin müəyyənləşdirilməsində rol oynayır.
Özünə hörmət edən , işinin peşəkarı olan heç bir məşqçi buna razılaşmaz. Amma Yunis bəy hansı bacarığa sahib olmasının fərqindədi. Bu səbəbdən uğursuz nəticələrə bəhanə olsun deyə buna razılaşır, matçlardan sonra da “dediyinizi etdim, mənim nə günahım?”, söyləyir. Sultanov heyətə müdaxilələri klubun rəhbəri Zaur Axundovun adından etdiyi üçün Hüseynovun narazılıq etmək hünəri yoxdu.
Son turun “Sumqayıt”la ev matçında da belə olub. Qonaqların 1:0 hesablı qələbəsiylə başa çatan görüşə “Keşlə” bu heyətlə çıxmışdı: Stanislav Namaşko, Azər Salahlı, Vüsal İsgəndərli, Rəhman Hacıyev, Şəhriyar Əliyev, Con Kamara, Miyusko Boyoviç, Sezar Meza Kolli, Sadio Tounkara, Anatole Abanq, Elçin Mustafayev.
Əslində isə Hüseynov həm son sınaq matçlarında, həm də məşqlərdə fərqli heyəti müəyyənləşdiribmiş. Oyundan öncə futbolçulara da “11-lik” açıqlanıbmış. Sultanov siyahını bildikdən sonra Zaur Axundovun yanına tələsib və “xüsusi məşqçilər qrupu” heyətə əl gəzdirib.
Yunis bəy Boyoviç, Kamara, Hacıyev və Mustafayevi kənarda saxlayaraq, Nicat Qurbanov, Tərlan Quliyev, Turan Vəlizadə və Ruslan Əmircanovu oynatmaq niyyətində imiş. Xüsusilə legionerlərdən narazı olan çalışdırıcı gənc futbolçu limitində də Vəlizadəyə güvənəcəkmiş. Lakin Ceyhun bəy əsas heyət vəd ilə gətirdiyi Elçinin oynamasını israrla tələb edib – yekunda bu futbolçunun qırmızı vərəqə almasından artıq xəbərdarsız.
Təbii ki, məşqçinin işinə müdaxilə edilirsə, bu, ona güvənsizliyin nəticəsidi. Belədə ya heç kimə quaq asmayıb, nəticəylə haqlı olduğunu isbatlamalı, ya da həmin iş yerindən ayrılmalısan. Hüseynov isə maaş naminə hər şeyə dözməyi üstün turur. Nəticələrin yaxşı olmadığını nəzərə alsaq, tezliklə qovulması da qaçılmaz olacaq. İstefa verməsi yox, məhz qovulması…