Yunis Hüseynovun “Keşlə”dən erkən ayrılacağı hələ təyinatı vaxtı bilinirdi. Klubun Müşahidə Şurasının sədri Zaur Axundovun tapşırıqla işə götürdüyü bu şəxsin bacarığı da bəlli idi, klub sahibinin əsəblərinin sərhədi də.

Proqnozlar özünü doğrultdu. Maksimum 6 ay vaxt qoyduğumuz izdivac bu gün bitdi. AFFA rəhbərliyinin tapşırığı ilə vəzifəyə gətirilən Yunis bəy bərbad günə qoyduğu “Keşlə dən qovuldu.

İstefanın vaxtı yenə düzgün seçilmədi. Yayda hazırlığı Tərlan Əhmədovla keçib, mövsümün startı ərəfəsində onunla vidalaşan rəhbərlik yenə eyni səhvi etdi. Belə ki, qış hazırlığını Yunis bəy keçdi və indi onu yola salırlar. Yeni məşqçinin komandayla tanış olmaq, hazırlıq keçmək üçün zamanı qalmayıb.

Vaxt azdı və “Keşlə rəhbərliyi təcil yeni baş məşqçi tapmalıdı. Yerli məşqçilərin əksəriyyəti Axundovun xasiyyəti üzündən bu klubdan heç təklif də gözləmir. Əcnəbi gətirmək üçün isə uyğun zaman deyil və büdcədə vəsait qalmayıb. Ona görə də “sözəbaxan” birini tapmaq lazımdı.

Və belə biri var. İdman direktoru Ceyhun Sultanov qohumu Füzuli Məmmədovu əvvəllər əvəzedici komandasına rəhbərlik etdiyi “Keşlə”yə gətirmək üzrədi. “Neftçi”dən uğursuz nəticələrə görə qovulan cütlük tezliklə digər paytaxt təmsilçisində birləşəcək. Və Məmmədov yenə Sultanovun diqtəsi ilə heyət seçib, mövsümü yola verəcək.

Günlərdi Yunis bəyi gözdən salıb qovmağa, yeni təyinatı reallaşdırmağa çalışan Sultanov arzusuna çatıb. Bundan sonra həm transferlər, həm məşqçi onun nəzarətində olacaq. Nəticələr isə…

Shares: