“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Kubokunun 1/8 final mərhələsində Birinci Divizion təmsilçisi “Zaqatala”ya qarşı keçirdikləri oyunu şərh edib.

Futbolinfo.az xəbər verir ki, “dənizçilər”in 40 yaşlı çalışdırıcısı 3:2 hesabı ilə qalib gəldikləri oyundan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:

“Bilirdik ki, bizi qarşıda ağır qrafik gözləyir. 3 gün öncə “Neftçi” ilə oynamışdıq. Bu səbəbdən heyətimizdə böyük dəyişiklik etdik. Daha az oynayan futbolçulara şans verdik. Rəqibi layiqli oyun münasibətilə təbrik edirəm. Yüksək liqada bölgə klubları az olsa da, futbolun inkişafı sevindirici haldır. Onlar hər an elitada oynamağa hazır olduqlarını nümayiş etdirirlər. Rəqib aşağı dəstənin ən mübariz komandalarından biridir. Oyunun sonunadək bizə çətin anlar yaşatdılar. Hətta ilk hissədə hesabda önə keçməyi də bacardılar. Amma ikinci yarıda bəzi təcrübəli oyunçularımızı meydana daxil etdikdən sonra daha çox hücum etməyi bacardıq və istədiyimiz qolları vura bildik. Ağır oyun oldu. Amma rotasiyaya əl atmağa məcbur idik. Komandamı təbrik edirəm. Geridönüş etmək bizi sevindirdi. Bütün dünyada belə oyunlar olur. Hətta məşhur komandalar aşağı dəstə təmsilçilərinə uduzurlar. Almaniyanın “Bavariya” klubunu buna misal çəkmək olar. Amma şükürlər olsun ki, bu gün biz məğlub olmadıq”.

Yanvarın 28-də Premyer Liqanın V turundan təxirə salınmış görüşdə “Qarabağ”la qarşılaşacaqlarını xatırladan Hacıyev həmin matçda əsas heyət üzvlərinə şans verəcəyini söyləyib: “Növbəti oyunlara hazırlaşacağıq. Kubokda da yolumuza davam edirik. “Qarabağ”dan sonra bütün fikrimizi yenidən kubok matçına yönəldəcəyik”.

“Zaqatala” klubunun baş məşqçisi Rüstəm Məmmədov isə bildirib ki, Aftandil Hacıyevin ikinci hissədəki əvəzetmələri oyunun nəticəsini həll etdi: “Rəqibi təbrik edirik. Gələcək oyunlarda rəqibə uğurlar arzu edirik. İlk hissədə hesabda önə keçsək də, ikinci yarıda “Səbail”in heyətində təcrübəli futbolçuların meydana çıxması qələbədə həlledici rol oynadı”. (Report)

Qeyd edək ki, “Səbail” ölkə kubokunun 1/4 final mərhələsində “Sumqayıt”la qarşılaşacaq.

Shares: