“Keşlə”nin yeni baş məşqçisiylə bağlı heç bir sual yoxdur. Mətbuatda namizədlərlə bağlı müzakirə açmaq yersiz vaxt itkisidi. Yunis Hüseynovun xələfiylə bağlı qərar hələ idman direktoru Ceyhun Sultanovun təyinatı zamanı verilib.

Son günlər “Keşlə” ilə bağlı xəbərlər çoxluq təşkil edir. Bunun səbəbi sözügedən komandanın idarəçiliyindəki ciddi problemlərdi. Nəticələrin biabırçı mənzərəsi də buradan qaynaqlanır. Ona görə də bakılıların gündəmdə olması təbii qarşılanmalıdı.

Sultanovun “Neftçi”dən ayrılmasıyla yeni işə başlaması arasında bir həftəlik fasilə belə olmadı. Düzdü, təyinat hələ də rəsmi açıqlanmayıb, amma elə ovaxtdan Ceyhun bəyin digər paytaxt klubunda fəaliyyətə başlaması bilinirdi.

İdman direktoru işə başlayarkən Tərlan Əhmədovun vidasından çox keçməmişdi və Hüseynov baş məşqçi kimi yolun başındaydı. Ona görə də Yunis bəyi istefaya göndərmək söz-söhbətə səbəb olardı. Uğursuz olacağı hər hərəkətindən bəlli olan çalışdırıcının kritik duruma düşməsini gözləmək lazım idi.

Nəhayət, son turda “Sumqayıt”a məğlubiyyətlə belə fürsət ələ düşdü. “ASK Arena”dakı matçın fasiləsində VIP-Lojanı tərk edən Sultanov gözümüzün önündə qarşı tribunaya keçdi. Orada klubun Müşahidə Şurasının sədri Zaur Axundovla yanaşı dayanıb matçı seyr edən idman direktoru Hüseynovun “torba”sının son ilmələrini atdı.

Narazı Axundovu məşqçiyə qarşı “dolduran” Ceyhun bəy dünən həlledici gedişi etdi. Əldə etdiyimiz bilgiyə görə, Ceyhun bəy Sezar Meza Kollinin rəhbərliyi altında Con Kamara, Miyuşko Boyoviç və digər əcnəbiləri Zaur bəyin üzərinə göndərib. Onlar bu məşqçiylə işləmək istəmədiklərini, istefaya göndərilməsə, komandadan ayrılacaqlarını dilə gətiriblər. Belədə hələ bir müddət də səbr etməyi düşünən Zaur bəyin Hüseynovu yola salmaqdan başqa çarəsi qalmayıb. Klubdaxili oyunlardan duyuq düşən Yunis bəy də qovulmamaq üçün istefa ərizəsini – onların qərarını gözləmədən – rəhbərliyə təqdim edib.

İndi klub Sultanovun nəzarətindədi. Bugünədək hətta start heyətinə müdaxilə edən, futbolçuları məşqçiyə qarşı qaldıran Ceyhun bəy hazırda külli-ixtiyar sahibidi. Və o, gəldiyi ilk gündən komandaya gətirməyə çalışdığı Füzuli Məmmədov üçün vakant post hazırlayıb. Qalır əmrin verilməsi.

“Neftçi”dən mövsümün əvvəlində uğursuz nəticələrə görə Sultanovla cüt qovulan Füzuli bəyin son günlər efirə çıxması, mətbuatda görünməyə başlaması təsadüfi deyildi. Təbliğat kampaniyası başlamışdı, indi isə bugünədək PRO kateqoriyası ala bilməyən bu şəxsi “Keşlə”nin başına gətirirlər. Uğursuz olacağı ehtimalı yüksəkdi, amma bəhanəsi hazırdı – transferlər ondan əvvəl edilib. Hazırlıq dönəmində Hüseynovun iş başında olduğunu nəzərə alsaq, Sultanov qohumuna “təhlükəsizlik yastığı” düzəldib.

Xeyirli olmasını arzu edirik, amma bu izdivacdan xeyir gözləyənlərn də nikbinliyinə həsəd aparmaq lazımdı.

FƏRİD

Shares: