“Kəpəz”in futbolçusu Novruz Məmmədovun futbolinfo.az saytına müsahibəsi
– “Sabah” üzərində qələbə qazandınız və Azərbaycan kubokunda ¼ finala yüksəldiniz…
– Oyuna çox ciddi və məsuliyyətli hazırlaşmışdıq. Məşqçi heyəti tapşırıqları vermişdi və biz onu meydanda düzgün şəkildə yerinə yetirməli idik. Qarşımızdakının Premyer Liqa klubu olması məsuliyəti artırırdı. Nəticə üçün biz yalnız meydanda rəqibdən daha istəkli olmalı idik. Döyükənlik bizə növbəti mərhələni gətirə bilərdi. Səbrli olduq və mübarizəmizlə qalib gəldik.
– Hər kəs düşünür ki, bu gözlənilməz qələbədir…
– Gözlənilməz deyəndə ki, “Sabah” klubu matçın favoriti idi. Bunu dəqiq demək olar. Lakin futbolda həmişə istək, əzmkarlıq, döyüşkənlik hər şeyi üstələyir. Bizdə də bu, çox idi və qalib gəldik. Düzdür, bu qələbə sensasiyadır, lakin bizim də əziyyətimizi dəyərləndirmək lazımdır. Çünki mübarizə apardıq, asan təslim olmadıq.
– “Kəpəz”in köklü klub olması motivasiyanızda rol oynadı?
– Əlbəttə ki, rol oynadı. Bu klubun Azərbaycan futbolunda ad-sanı var. Bunu da klubda oynayan hər kəs yaxşı bilir. Yenə deyirəm ki, köklü klub olmağın rolu böyük idi.
– Əvvəlki illərə nəzər salsaq, birinci divizion klubları Premyer Liqa təmsilçilərinə asan təslim olurdu. Lakin bu il divizion klubları əsas liqa klublarına müqavimə göstərə bildi. Səncə, Premyer Liqanın səviyyəsinin aşağı düşməsi bunda rol oynayırmı?
– Fikrimcə, burda məsələ başqadır. Premyer Liqa klubları ilə matçlarda divizion klubları daha çox istəkli olur. Mübarizə, döyüşmək və istək hər uğurlu çıxışda rol oynayır.
– Hər mövsüm Premyer Liqada klubların sayının artacağı ilə bağlı xəbərlər gəzir. Ümid edirsinizmi ki, bu il “Kəpəz” də daxil olmaqla, köklü klublardan hansısa əsas liqaya qayıdacaq?
– Hamı kimi biz də bunu saytlardan oxuyuruq, açıqlamalarda görürük. 10 klub olacağı deyilir. Amma bir şey var ki, divizionda hələ mübarizə gedir. Mümkün qədər xal yığıb yuxarı pillələrə qalxmalıyıq. Premyer Liqaya qayıdıb-qaytmayacağımızı isə zaman göstərəcək.
– Divizionda vəziyyət necədir? Klubların şəraitinin aşağı səviyyədə olması narahatlıq yaradırmı?
– Divizionda hər oyun çətin keçir. Çünki klubların heyətində gənc oyunçular çoxdur və hamısı özünü göstərmək istəyir. Şəraitə gəlincə, deməzdim ki, klublar oyunçulara biganə yanaşır. Şərait normaldı, çoxunun düşdüyü kimi bərbad vəziyyət deyil.
– Növbəti mərhələdə rəqibiniz “Keşlə” olacaq. Bu cütün qalibi olmağınız mümkün görünür?
– Bunun üçün “Sabah”la matçdakından ikiqat çox mübarizə aparmalıyıq. Əsas odur ki, özümüzə inanaq. Asan təslim olmayacağıq və hər iki matçda mübarizəmizi sona qədər aparacağıq. Yeni bir sensasiyanın olub-olmayacağını iki matç bitəndə görərik.
– Aşağı liqadan Premyer Liqa necə görünür?
– Neçə illərdir ki, “Qarabağ” çempion olur. Amma bu il daha çox klub mübarizəni qızışdırır. Məsələn, “Zirə” və “Sumqayıt”. Hətta “Sumqayıt” bir neçə tur lider olmuşdu. “Neftçi” də birincilik mübarizəsi üçün yarışır. Sonluq çox maraqlı olacaq.
CAVAD