“Oyuna ciddi hazırlaşmışdıq. Mən özüm meydana ikiqat motivasiya ilə çıxmışdım. Özümü bu komandaya sübut etmək istəyirdim”.

Futbolinfo.az xəbər verir ki, bunu “Report”a açıqlamasında “Kəpəz”in futbolçusu Emil Qasımov Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Sabah”a 2:1 hesabı ilə qalib gəldikləri oyun barədə danışarkən deyib.

21 yaşlı hücumçu heç bir komponentdə rəqibdən geri qalmadıqlarını bildirib: “Fasilədə uşaqlarla danışdıq ki, “Sabah” qol vurubsa, bunu biz də edə bilərik. Onların da 2 əli-ayağı var, bizim də. Bizim istəyimiz onlardan daha çox idi. İkinci hissədə 2 qol vurub, qələbə qazandıq. Çox sevinirik”.

Qasımov Premyer Liqa təmsilçisinin Gəncə klubu ilə oyuna ciddi yanaşmadığını söyləyib: “Düşünürdülər ki, “Kəpəz” I Divizion komandasıdır, böyükhesablı qələbə qazana bilərik. Amma futboldur, meydana çıxıb özümüzü sübut etdik”.

Ötən ilin oktyabrında “Sabah”dan problemli şəkildə ayrılan gənc oyunçunun sözlərinə görə, kubok matçında sabiq komandasına qol vurmaq istəyib: “Oyuna xüsusi motivasiya ilə hazırlaşmışdım. Amma qol vura bilmədim. Əslində bunun heç bir fərqi yoxdur. Əsas odur ki, qalib gəldik. Qol vurmasam da, sübut etdim ki, “Sabah”dakı heç bir futbolçudan zəif deyiləm”.

U-21 yığmasının da formasını geyinən forvard “Sabah”dakı əsas problemin təkcə futbolçularla bağlı olmadığını vurğulayıb: “Mən bu komandada çıxış edəndə də vəziyyət yaxşı deyildi. Sabitlik, motivasiya yox idi. Bir oyunu udandan sonra növbəti matça psixoloji cəhətdən hazırlaşa bilmirdik. Cari mövsümün əvvəlində ispaniyalı mütəxəssis gətirdilər. Məni məşqə çıxmağa, özümü göstərməyə qoymadılar. Son vaxtlar klubda nələrin baş verdiyini bilmirəm. Amma komanda uduzursa, burada futbolçular da, məşqçilər heyəti də, rəhbərlik də günahkardır”.

Qasımov keçmiş komandasına qarşı kin saxlamadığını bildirib: “Düzdür, oradan problemli ayrıldım. Amma heç vaxt kiminsə qarşısına şərt qoymamışam ki, mənə bu cür şərait yaradın, qalım. Heç vaxt ürəyimdə baş məşqçiyə, klub prezidentinə qarşı kin saxlamamışam. Görünür, onlarda mənə qarşı nə isə olub. Bununla belə, hamı ilə yaxşı vidalaşdım. Bir-birimizə halallıq verdik”.

Qeyd edək ki, Emil Qasımov mövsümün əvvəlində “Sabah”ın yeni müqavilə təklifini qəbul etmədiyi üçün əvəzedici komandaya göndərilib. Daha sonra klub onunla müqaviləyə xitam veib.

Shares: