“Keşlə”nin təcrübəli müdafiəçisi Miyusko Boyoviç komandanın nəticələrindən məmnun deyil. Amma o, futbolinfo.az-a müsahibəsində ümidli danışıb, özlərinə gələcəklərini bildirib.

 

– “Sumqayıt”la matçda məğlub oldunuz. Bu oyunu necə dəyərləndirə bilərsən?

– Son matçda hər şey rəqibin tərəfində idi. Matçın əvvəlində avtoqol oldu, sonra qırmızı vərəqə aldıq. Bütün başverənlərdən sonra oyuna köklənərək pozitiv qalmaq çətin idi. Oyunboyu xal almaq üçün bütün cəhdləri etdik. Fərdi oyuna üstünlük verdik və bu, bizim üçün problem idi. Həm də düşünürəm ki, bəxtimiz gətirmədi.

 

– Bu məğlubiyyətdən sonra Yunis Hüseynov klubu tərk etdi…

– Yunis Hüseynov klubdan ayrıldı. Təəssüf ki, futbolun belə bir qaydası var ki, pis nəticələr fonunda ilk olaraq baş məşqçi məsuliyyət daşıyır. Onunla yaxşı münasibətim var idi. Futbolda öz qaydaları, öz metodları olan insandır. Sadəcə, “Keşlə”də alınmadı. Ümid edirəm ki, növbəti klubunda işi yaxşı gedər.

 

– “Keşlə”nin bu mövsümkü pis nəticələrinin səbəbi nədir?

– Ötən illə müqayisədə dəyişikliklər çox oldu. Heyət dəyişdi, məşqçi dəyişdi. Lakin bu il biz daha məsuliyyətli oynamağa, digər komandalar kimi gücümüzü meydanda qoymağa hazırıq. Bunu əvvəlki matçlarda da etmişik. Fikrimcə, “Keşlə” heç də pis futbol oynamayıb. Sadəcə, nəticələr bizim istədiyimiz kimi olmadı. Bunun da bəzi səbəbləri var.

 

– Yeni baş məşqçiniz Sənan Qurbanovla klub arasında artıq müqavilə imzalandı. Onun haqqında nə bilirsiz?

– Yeni məşqçi ilə hələ tanış olmamışıq. Bizim onunla görüşüb nə istədiyini soruşmaq üçün çox qısa vaxtımız var. Onunla işləməyə hazırıq. “Keşlə”nin heyəti daim komplekt şəkildə özünü meydanda gösərməyə hazırdır. Ümid edirəm ki, yeni məşqçi ilə yaxşı nəticələr əldə edəcəyik. Hazırda yaxşı futboldan çox nəticə “Keşlə” üçün vacibdir.

 

– Klubdakı maddi problemlər sizin nəticələrə təsir edir?

– Açığı, maddi problemlər haqqında heç bir məlumata sahib deyiləm. 2 ildir ki, burdayam və bu müddət ərzində bütün maaşımı almışam. Futbolçular üçün maaşların verilməsi çox önəmlidir ki, nəticələr də yaxşı olsun, oyunçular razı qalsın. Hazırda heç bir problem görmürəm.

 

– Mövsümün sonunda hansı pillədə ola biləcəksiz?

– “Keşlə” daim yuxarı pillələrdə olmağa layiqdir. Bunun üçün heyətimiz və keyfiyyətimiz də var. Ümid edirəm ki, yenidən Avropa Liqasında oynayacağıq.

 

FƏRİD

Shares: