Sabah AFFA İcraiyyə Komitəsinin Növbəti Hesabat Konfransı baş tutacaq. Futbol rəsmiləri 2020-yə yekun vurub, hesabat verəcək.

Təbii ki, bu tədbirdən təəccübə səbəb olacaq hansısa qərar gözlənilmir. Sadə dildə desək, növbəti “quşqoyma mərasimi”, formal yığıncaqdı. Ötən ilin koronavirus pandemiyasına görə bərbad alındığını nəzərə alsaq, AFFA rəhbərliyinin bir sıra problemləri pərdələmək üçün əlavə tutarqası var. Ona görə də Konfransın “bəh-bəhlər”lə müşaiyət olunacağı şübhəsizdi.

***

AFFA-nın icraçı vitse-prezidenti, qurumun de-fakto idarəçisi Elxan Məmmədov simvolik vaxt seçib. 14 ildi çalışdıqlarına nail olublar və məhv edilmiş Azərbaycan futbolu üçün sabah cümə verilir.

Mövcud karantin qadağaları üzündən “yas mərasimi” baş tutmayacaq. Elə bir zamana gəlmişik ki, “meyit” ortada qalıb, hətta başsağlığı verənlər də bunu onlayn şəkildə edəcək.

***

Hakimiyyətdə olduğu bu qədər illər ərzində – ölkə başçısının rəsmi səfərlərindəki müşaiyətləri istisna olmaqla – bircə dəfə bölgələrə ayağı dəyməyən, klubların vəziyyəti ilə maraqlanmayan, uşaq futbolunun durumundan narahat olmayan Rövnəq Abdullayevin Tovuzda görünməsi təsadüf deyildi. AFFA prezidenti ötən həftə buradakı akademiyanın açılışına şəxsən ona görə yollanmışdı ki, gözə girsin. Çünki SOCAR-da planlaşdırılan dəyişiklikləri hamıdan əvvəl o bilirdi.

Halbuki bu, Abdullayevin prezidentlik dövrünün 153-cü ayında açılan ilk yox, 10-cü, 15-ci akademiya olmalıydı. Qohumlara, tanışlara xərclənən, mənasız layihələrə sərf olunan yüzmilyonlarla hər 6 aydan bir hansısa məktəbin təməlini atmaq, onun fəaliyyətini təmin etmək çətin deyildi. İllər boşa verilib, ölkədə futbolun səviyyəsi ən aşağı səviyyəyə enib, bütün sahələrdə biabırçı vəziyyətdi.

***

HAŞİYƏ: Tovuz Akademiyasının FIFA-dan UEFA-dan gələn yardımlarla tikildiyini önə çəkib, bunu beynəlxalq futbol təşkilatları ilə təmasların nəticəsi, uğur kimi qələmə verirlər. Beynəlxalq qurumların bu tikintiyə 3,5 milyon manat ayırdığı (800 min də AFFA əlavə edib) xüsusi vurğulanır. Halbuki SOCAR UEFA-ya sponsorluq müqaviləsi kimi ödədiyi və qarşılığında heç bir xeyir görmədiyimiz 250 milyon dolları (!!!) uşaq futboluna yönəltsəydi, bütün bölgələrimizdə akademiyalar illər öncə yaradılar və indi onların yetirmələri ilə öyünərdik. Bu pula 99 akademiya açmaq mümkün idi.

***

Təbii ki, Konfransdakı hesabatlarda bütün mənfilər unudulacaq, yalnız guya görülmüş işlərlə bağlı danışılacaq.

Məsələn, UEFA-dan, FIFA-dan gələn pullar fəxrlə qeyd olunacaq – halbuki həmin vəsaitlər bütün üzv milli federasiyalara köçürülür.

SOCAR-ın futbola ayırdığı böyük vəsaitdən danışılacaq, amma onun hara və necə xərcləndiyi tam şəffaflığı ilə açıqlanmayacaq.

Klublara edilən yardımlar qabardılacaq, gəl ki, niyə “Səbail”ə, “Sumqayıt”a 2, “Keşlə”yə 6 milyon verildiyi izah edilməyəcək. Ümumiyyətlə, hamıya qarşı eyni prinsiplərlə, ədalətlə davranmamağın səbəbləri haqda danışılmayacaq.

“Digər xərclər” bölməsində yenə milyonlar qeyd olunacaq, amma detallı açıqlama verilməyəcək.

Əvvəllər heç olmasa, mətbuat konfranslarında müəyyən suallara cavab ala bilirdik, indi isə onlayn iclasın gedişindən xəbər tutmayacağıq. Deməli, istədiklərini çalıb-oynayacaqlar zibili konfet kağızına büküb ictimaiyyətə şirniyyat kimi daha rahat təqdim edəcəklər.

İstənilən halda, futbolda islahatlar qaçılmazdı və bu Konfransda eyibləri pərdələməyə çalışsalar da, həqiqi hesabatın alınacağı gün uzaqda deyil. Abdullayev hakimiyyətinin nəhs 13-cü ilini tamamlayacağı 14 marta kimi bir çox məsələlərə aydınlıq gələcək. Proses SOCAR-da Müşahidə Şurasının yaradılmasıyla start götürüb və davamı qaçılmazdı.

Lakin islahatlar necə olacaq? İslahat naminə islahatmı? 1-2 nəfərin vəzifədən ayrılması və onlar sifətdə, onlar kafada olanların əvəzedici gəlməsi iləmi? Yoxsa futbola yanaşma, düşüncə tərzi dəyişəcək?

Suallar çoxdu, cavabını bilmək üçün gedişatı izləməli və gözləməliyik. Bəri başdan ilk xəbərlərin ürəkaçan olmadığını deməliyik. Məsələn, Məmmədovun bütün hamilərini işə qoşduğunu, hamıya “filan komandanın kadrıyam, sadəcə, mənə işləməyə imkan verməyiblər” bəhanələri ilə növbəti yalanlara başladığını eşitmişik. Halbuki hamı bilir ki, AFFA-ya hətta Rövnəq bəydən də 8 ay əvvəl gəlmiş Elxan bəy bu illər ərzində assosiasiyanın yeganə idarəçisi olub və bütün uğursuzluqların baş memarıdı.

Bu qədər uğursuz, imici korlanmış biri AFFA-da qalacaqsa, yeni gələnlərin də, ona dəstək verənlərin də nüfuzu daha çox xərclənməyə başlayacaq. Futbol oyuncaq deyil, nə vergi, nə gömrük, nə təhsil, nə də iqtisadiyyat sahəsidi, burada çoxlarının bacarığı üzə çıxıb, layiq olduqları qiyməti tarix qarşısında alıblar. Bəy gəlib nökər gedənləri saymaqla qurtarmaq olmaz. Yalnız vicdanlı, ədalətli olanlar, ləyaqətlə işləyənlər hələ də hörmətlə xatırlanır.

***

Konfransda mart üçün seçkilər təyin edilsə, təəccüblənməməliyik. İcraiyyə Komitəsinin yığıncağında bu məsələ müzakirə edilə bilər. Əsas olan yenilərin necə strategiya seçəcəyi, yenə kabinet bəyi olan, Azərbaycan reallıqlarını gözardı edən “qaquliklər”ə, yoxsa həqiqi futbol mütəxəssislərinə, bu sahənin adamlarına güvənəcəyidi.

Xeyirlə şər qardaşdı. Mümkün dəyişikliklərdən Azərbaycan futbolu adına yalnız xeyir gözləyirik. Qalib xalqın məğlubiyyət kəfəninə bürünmüş futbolu olmamalıdı. Hələliksə, qəsd edilmiş top oyununun cüməsinə şahidik. Axırıncı olsun…

FƏRİD

Shares: