“Qarabağ”ın ispaniyalı yarımmüdafiəçisi Xayme Romeronun futbolinfo.az-a müsahibəsi

 

– “Qarabağ” “Səbail” (4:0) üzərində asan qələbə qazandı…

– Xeyr, bununla razılaşmıram. Hesabın böyük olmaına baxmayaraq, asan qələbə deyildi. Bu gün Azərbaycan çempionatında asan komanda yoxdur. Qalibiyyət əldə etmək üçün əziyyət çəkirik. Qələbəyə görə sevinirəm və buna layiq idik.

 

– Son zamanlar meydana az-az çıxırsan. Bunun səbəbi nədir?

– Mənim üzərimə düşən məşq eləmək, daim hazır olmaq, lazım olan anda komandaya xidmətimi göstərməkdir. Kimin oynayıb-oynamayacağına baş məşqçi qərar verir. Özüm isə daim formamı saxlamağa, hazır vəziyyətdə olmağa çalışıram. Həm Milad bayramı zamanı, həm də komandanın məşqləri zamanı fiziki formamı qorumağa, qaydasında saxlamağa çalışdım. Lakin meydana çıxmaq qərarı baş məşqçidən asılıdır. Nə zaman ehtiyac olsa, hazıram.

 

– Sənin intizam qaydalarını pozduğun üçün komandadan kənarlaşdırıldığınla bağlı xəbərlər var idi…

– Tamamilə yanlış xəbərdir. Ümumiyyətlə, belə bir şey olmayıb. Bunu hamıdan soruşa bilərsiz. İntizam qaydalarına daim riayət etməyə çalışıram. Mən daim bu mövzuda nümunə olmaq istəmişəm. Ona görə də belə bir şey mümkün deyil.

 

– Kubokda “Qəbələ” ilə qarşılaşacaqsız. “Qarabağ”ı cütün favoriti saymağımıza yəqin, etiraz etməzsən.

– Bununla razılaşıram ki, “Qarabağ” meydana favorit olaraq çıxacaq. Ümumiyyətlə, Azərbaycanda istənilən komanda ilə matçda “Qarabağ” favoritdir. Fikrimcə, ölkənin ən yaxşı klubu da “Qarabağ”dır. Lakin bunlara baxmayaraq, rəqiblər hər an sürpriz edə bilər. Çünki meydanda sona qədər mübarizə aparırlar. Rəqiblərin heyətində yaxşı oyunçular var və onlar qalib gələ bilər. Ona görə də meydanda hər şeyin baş verməsi mümkündü.

 

– Kubok matçlarından sonra “Neftçi” ilə qarşılaşacaqsız. Bu matçın önəmi sizin üçün kubokdan daha vacibdir?

– Açığı, çempionatda hər oyun önəmlidir.  Sonda hər matçdan 3 xal qazanmaq mümkündür. Turnir cədvəlinə görə “Neftçi” ilə matç əhəmiyyətli olacaq. Lakin indiki halda “Qəbələ” matçını düşünürük.

 

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp