Azərbaycan Premyer Liqasının 5-ci turundan təxirə salınan “Qarabağ” – “Səbail” oyunu meydan sahiblərinin futbolçusu Mahir Emreli üçün əlamətdar olub.

Futbolinfo.az xəbər verir ki, Ağdam təmsilçisinin 4:0 hesablı qələbəsinə iki qolla töhfə verən hücumçunun rəqib qapısından keçirdiyi ilk top yubiley xarakteri daşıyıb. Bu, forvardın Azərbaycan çempionatlarında 50-ci qolu olub.

Dünənki matçadək 49 dəfə fərqlənən Emreli ikinci qolu ilə bu rəqəmi 51-ə çatdırıb. O, bütün qollarını “Qarabağ”da vurub. Mahir Premyer Liqada 130 görüş keçirib. Millimizin üzvünün orta məhsuldarlığı 0,39-a bərabərdir.

İlk qolunu 2015/16 mövsümündə vuran hücumçu 2015-ci il avqustun 23-də AZAL-la səfər qarşılaşmasında (2:0) qol hesabını açıb. O, həmin çempionatı 7 qolla tamamlayıb. 2016/17 mövsümündə 3, 2017/18 mövsümündə 8, 2018/19 mövsümündə 16, 2019/20 mövsümündə 7 dəfə fərqlənən futbolçu cari çempionatda 10 dəfə rəqib qapısına yol tapıb.

Emreli Azərbaycan çempionatlarının 29 illik tarixində 50 və daha çox qol vuran 37-ci futbolçu olub. 51-ci dəfə fərqlənməklə Mehman Baxışov, Viktor İqbekoyi, Vüqar Qəmbərov və Yalçın Bağırovu keçən forvard bombardirlər cədvəlində Həsən Abdullayevlə 32-33-cü yerləri bölüşür.

Qeyd edək ki, siyahıya 183 qola malik Nazim Əliyev başçılıq edir.

Azərbaycan çempionatlarında 50 və daha çox qol vuranlar

  1. Nazim Əliyev – 183
  2. Müşfiq Hüseynov – 125
  3. Rövşən Əhmədov – 116
  4. Qurban Qurbanov – 115
  5. Samir Ələkbərov – 115
  6. Alay Bəhramov – 108
  7. Nadir Nəbiyev – 103
  8. Xaqani Məmmədov – 102
  9. Vadim Vasilyev – 102
  10. Kənan Kərimov – 101
  11. Musa Qurbanov – 94
  12. Fazil Pərvərov – 89
  13. Samir Musayev – 88
  14. Fərrux İsmayılov – 85
  15. İmamyar Süleymanov – 85
  16. Samir Əliyev – 84
  17. İsmayıl Məmmədov – 76
  18. İlham Məmmədov – 74
  19. Azər İsayev – 73
  20. Paşa Əliyev – 72
  21. Badri Kvaratsxeliya – 71
  22. Zaur Ramazanov – 70
  23. Yunis Hüseynov – 66
  24. Mahir Əliyev – 65
  25. Vidadi Rzayev – 65
  26. Georgi Adamiya – 61
  27. Mahmud Qurbanov – 61
  28. Ramiz Məmmədov – 61
  29. Rauf Əliyev – 61
  30. Rəşad Abdullayev – 58
  31. Vaqif Cavadov – 53
  32. Həsən Abdullayev – 51
  33. Mahir Emreli – 51
  34. Mehman Baxışov – 50
  35. Viktor İqbekoyi – 50
  36. Vüqar Qəmbərov – 50
  37. Yalçın Bağırov – 50
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp