“Qəbələ”nin hücumçusu Nikolas Raysel ölkə kubokunda yarımfinal arzusundadı. O, futbolinfo.az-a müsahibəsində “Qarabağ”la duellərdə istəklərinə çatmaq üçün hər şey edəcəklərini deyir.

 

– Azərbaycan Kubokunun 1/4 final mərhələsində “Qarabağ”la qarşılaşacaqsız. Rəqibin favorit olması ilə razısız?

– Düzdür, “Qarabağ” cütün favoritidir. Amma biz də öz oyunumuzu oynamağa çalışacağıq. Çempionatda onlara qarşı göstərdiyimiz oyunu ortaya qoya bilərik. Son matçda “Qarabağ”la 1:1-lik heç-heçəyə imza atmışdıq. Bu onu göstərir ki, öz gücümüzü meydanda qoysaq, nəticə əldə edə bilərik. Çox çətin olacaq. Amma bu qarşılaşmalara 100 faiz hazır olacağıq.

 

– Səncə, “Qəbələ”nin turu keçmək şansı nə qədərdir?

– Dediyim kimi, çox çətin olacaq. Bunu öncədən demək olar. Lakin arzu və istəklərimiz üçün meydanda “döyüşməliyik”. Sona qədər mübarizə aparsaq, şansımız olacaq. Hər kəs rəqibim gücünə və heyətinə bələddir. Lakin biz də özümüzə inanırıq.

 

– İlk matç səfərdə olacaq…

– Bunu müəyyən üstünlük saymaq olar, o halda ki, Bakıda sərfəli nəticə qazanaq. Orada istədiyimizə nail olsaq, Qəbələdə yüksək motivasiya ilə meydana çıxacağıq. Bu səbəbdən səfərdən özümüzə sərf edəni qazanıb qayıtmalıyıq.

 

– Kuboka adətən zəif komandalar nəticə qazanmaq üçün daha yaxşı hazırlaşırlar. Bununla razılaşırsız?

– Həm hə, həm də yox. Açığı, güclü komandalar da kuboku qazanmaq istəyir. Onların heyəti geniş olur və hər cəbhədə uğura imza atmaq istəyirlər. Bu baxımdan asan olmayacaq. Düşünürəm ki, çempionatdakı kimi, burada da rəqabət olacaq və biz də mübarizə aparacağıq.

 

AĞA

Shares: