“Keşlə”nin müdafiəçisi Tural Axundov çətin durumdan çıxacaqlarına ümid edir. Start heyətinə həsrət qalan müdafiəçi yeni baş məşqçinin gəlişindən sonra layiq olduqları yerə yüksələcəklərinə əmindi.

 

O, futbolinfo.az-a müsahibəsində “Keşlə”nin bu mövsüm yaxşı təsir bağışlamamasının əsas səbəbini qol epizodlarını boşa verməklərində gördüyünü deyib.

 

– Heyətimiz çox mehriban və idealdır. Sadəcə, bəzi oyunlarda qol epizodlarını boşa veririk. Bu da bizə çətinlik yaradır. Hər oyunda yüzfaizli qol şanslarımız olur. Amma onlardan yararlana bilmirik. Sonda bu, nəticələrə təsir edir.

 

– Baş məşqçi dəyişiklikləri komandanı geri salıb?

– Əlbəttə ki, baş məşqçi dəyişiklikləri komandaya təsir edib. Hər məşqçinin öz taktikası var. Yeni gələn məşqçi öz taktikasını tətbiq etməyə başlayır. Futbolçuların da buna öyrəşməsi zaman alır.

 

– Sənan Qurbanov komandanın yeni baş məşqçisidi. Onunla uğur əldə edə biləcəksiz?

– Onun komanda da uğurlu olacağına inanıram. Gəlişi futbolçulara yaxşı təsir edib. Çox tələbkardır və bunu məşqlərdə hiss edirik. Əminəm ki, nəticələr də yaxşı olacaq.

 

– Azərbaycan kubokunun ¼ final mərhələsində “Kəpəz”lə qarşılaşacaqsız. Birinci divizion təmsilçisi ilə qarşılaşmağınız sizi sevindirir?

– “Kəpəz”i  zəif rəqib saymıram. “Sabah”la matçda nəyə qadir olduqlarını göstərdilər. Bizim üçün heç də asan olmayacaq. Lakin çalışacağıq ki, sevinən tərəf biz olaq.

 

– “Kəpəz”in ikinci sensasiyaya gücü çatacaqmı?

– “Sabah”ı udmaqları bizim üçün bir siqnaldır. Amma mərhələni keçməliyik, çünki bu, bizim üçün çox vacibdir.

 

– Hazırda “Keşlə” turnir cədvəlinin 7-ci pilləsindədir. Səncə, mövsümün sonunda yuxarı yerlərdə qərarlaşa biləcəksiz?

– Bunun üçün şansımız var. Çox yaxşı kollektivə sahibik, hətta ən yaxşılardan birinə. “Keşlə” bu yerə layiq deyil.

 

– Komandanı tərk edən futbolçuların hamısı klubdakı maddi problemlərdən şikayətlənir…

– Bu barədə heç nə deyə bilmərəm. Belə məsələlər rəhbərliklə onların arasında olan məsələlərdir. Biz hər ay maaşımızı alırıq. Gecikmələr hər yerdə var və bunu bəhanə gətirmək olmaz.

 

FƏRİD

Shares: