AFFA-nın Qeydiyyat və Statistika Şöbəsinə inansaq, Azərbaycanda 203 929 futbolçu var! Premyer Liqasında 8, I divizionunda 5 klubun mübarizə apardığı ölkə üçün fantastik göstəricidi.

Pandemiya üzündən boşa verilən 2020-ci ildə 37 360 yeni futbolçu peyda olub. Çünki ötən il bu göstərici 166 569-a bərabər idi.

AFFA-nın Növbəti Konfransı üçün hazırlanan hesabatlara baxarkən qəşş etməmək olmur. İcraçı vitse-prezident Elxan Məmmədovun inkubatoru nələrə qadir imiş?

Ötən il peşəkar liqalarda (Premyer Liqa və divizion klublarında) 472 yerli futbolçu qeydiyyata alınıb, bunlardan 42-si yenilərdi.

Uşaq və gənclər liqalarında 10 196 nəfərin adı siyahıya salınıb. 3883 uşaq ilk dəfə belə yarışlar üçün sifariş olunub və onların heç də hamısı oynamayıb, bir qismi karyerasını da erkən bitirib.

Region liqasında və həvəskar liqasında oynayanlar – yekəqarın polis rəisləri, prokuror müavinləri və digər ağsaqqallar da daxil olmaqla – 1069 nəfərdi. Bundan başqa, çimərlik liqalarında 65, qızların çempionatlarında 1250, futzalda 870 nəfər top qovub.

Vəssalam. Azərbaycan futbol ailəsi bunlardan ibarətdi və onların ümumi sayı 13 922-di. AFFA-nın 200 mini “adlatdığı” siyahı mənasız rəqəm yığınıdı.

Qurum “Məktəbli kuboku”nda iştirak etmiş 5605, məktəblərdə futbol dərslərinə qatılmış 4610, Mini Futbol Liqasında (MFL) çıxış etmiş (3 il öncə bizim redaksiyanın əməkdaşları da orada çıxış edib) 411 nəfəri də say artırmaq üçün hesabata salıb. Digər kütləvi tədbirlərdə bir neçə günlük adı siyahıya salınan 4097, “D lisenziya” kimi qeydə alınan, mahiyyətinin nə olduğu bildirilməyən yarışlara cəlb olunan 24 769 nəfər də beləcə futbol ailəsinin üzvü sayılıb.

Beləliklə, guya 2020-də 53 414 nəfər futbolla məşğul olub. Halbuki bu, saxta kütləvilik göstəricisidi. Məktəbdə dərsə qatılan hər uşaq futbolçu sayılırsa, o zaman tarixçilərin, riyaziyyatçıların da sayı bu siyahıya əsasən hesablanmalıdı.

Ötən il adı siyahıya düşənlərin 73,1 faizinin D lisenziya yarışlarına və digər kütləvi yarışlara, o cümlədən “Məktəbli kuboku”na, dərslərə qatılanlar olduğunu nəzərə alsaq, mənzərə aydındı. AFFA-nın siyahısının həqiqilik payı futzal, MFL, həvəskarların yarışı və çimərlik futbolu da daxil olmaqla, 26,9 faizdi.

Ümumiyyətlə, ötən il hətta məktəbə dərsə gedən, hansısa topçiləmə festivalına qatılan, bu səbəbdən adı AFFA-nın siyahısına daxil olanların hamısını nəzərə alsaq, 53 414 nəfər topa toxunub. Bu isə o deməkdi ki, Elxan Məmmədovun 203 929 nəfərlik “ailə siyahısı”nın 150 515 nəfəri karyerasını bitirib. 13 illik məmur karyerası dövründə 150 mindən çox adamın karyerasına son qoymağı yalnız Məmmədov kimi “səriştəli” biri bacarar. Say artırmaq üçün kimi gəldi siyahıya salırsansa, gedənlərin yükü də sənin boynunda qalmalıdı.

CAVAD

Shares: