Azərbaycanda yeni nəsil futbolçularının yetişməməsi təsadüf deyil. Uşaq liqalarının bərbad səviyyəsi, müəllim-məşqçilərin bacarıqsızlığı özünü nəticələrdə göstərir.

Sıradan adamların uşaq komandalarına məşqçi təyin edilməsi, klublarda işlərin düzgün qurulmaması, AFFA-nın liqaları yalnız göstəriş üçün təşkil etməsi üzündən peşəkar səviyyəyə çatanların sayı 100-ü haqlamır. Onlar da orta yaş həddi 20-nin altında olan divizionda itib-batır və Premyer Liqaya ən yaxşı halda 5-6 futbolçu yüksəlir. Təəssüf ki, bu futbolçuların da əksəriyyəti ehtiyat oyunçular skamyasını qızdırmaqla məşğul olur.

AFFA-nın 2020-ci ilin yekunlarına həsr olunan hesabat statistikası faciəvidi. Təkcə ötən il uşaq liqalarında iştirak etmiş 10 487 nəfərdən 4852-si karyerasını erkən başa vurub. Bu, 46,26 faiz deməkdi. Deməli, AFFA-nın təşkil etdiyi yarışlara qatılanların tən yarısı hələ peşəkar səviyyəyə yülsəlmədən futbolla vidalaşır.

Liqalar üzrə statistikalar maraqlıdı. Məsələn, U-10 liqasına qatılmış 1787 nəfərdən 531-i (29,72 faiz) butslarını mıxdan asıb. U-11-də 1746 nəfərdən 636-sı (36,42) belə qərar verib. U-12-də 2022 şəxsin 807-i (39,91) bir daha meydanlarda görünməyəcək.

U-13 liqasında vəziyyət daha pisdi. Burada 2032 nəfərin yarıdan çoxu – 1077 (53 faiz) – karyerasını erkən bitirib. U-14-də isə durum faciəvidi. Sözügedən yarışdakı 1732 nəfərin 1434-ü (82,80 faiz) futbolla indidən vidalaşıb. Bəlkə də məhz bu yarışlarda ən biabırçı nəticələrin qeydə alınması rəmzi məna daşıyır. AFFA prezidenti Rövnəq Abdullayev 13, əsas idarəçi olan baş katib Elxan Məmmədov 14 ildi futbola rəhbərlik edir. Deməli, onların seçildiyi/təyin olunduğu vaxt anadan olan uşaqlar bu sahədə perspektiv olmadığını daha gözəl anlayıb.

U-15 liqasında vəziyyət nisbətən yaxşıdı. 2020-də 371 nəfərdən 30,19 faizi, yəni 112 nəfər yola davam etməmək qərarı verib. U-16-da 358-dən 94 (26,26), U-17-də 260 futbolçudan 73 (28,07) nəfəri dayanmağı lazım bilib.

Uşaq liqalarında sırf yaş amilinə görə karyerasını erkən bitirənlərin çox olması hardasa başadüşüləndi. Düzdü, say bu qdər olmamalıdı, amma yenə də müəyyən faizin ələnməsi qəbulediləndi. Lakin Gənclər Liqası haqda eyni sözləri deyə bilmərik. 19 yaş artıq peşəkar karyeranın startı dövrü sayılır. Görünür, Premyer Liqanın, hətta I divizionun tələblərinə cavab verən futbolçuların yetişdirilə bilinməməsinin nəticəsidi ki, Gənclər Liqasında ötən mövsüm oynamış 179 futbolçudan 88-i (49,16), yəni yarısı futbol meydanlarını birdəfəlik tərk edib.

Bu qədər oyunçunun karyerasını erkən başa vurması xoşagəlməz mənzərədi. Bir səbəb onların lazımi səviyyədə yetişdirilməməsi, istedadlarının aşkar edilməməsidisə, digər səbəb seçimlərin düzgün aparılmaması, say düzəltmək naminə hər yoldan keçəni komandalara cəlb etməkdi. AFFA bu yolla hər il 5000-ə yaxın uşağın həyatını korlayır, onları həm təhsildən uzaq salır, həm də karyeralarının inkişafını təmin edə bilmir.

Təbii ki, AFFA-nın bütün yaş qrupları üzrə liqalar təşkil etməsini həm də bu səbəbdən dəstəkləmirik. Assosiasiyanın, eyni zamanda klubların büdcəsi əbəs yerə dağıdılır, keyfiyyətə yox, kəmiyyətə üstünlük verilir. Halbuki UEFA-nın tələb etdiyi kimi, klublar yalnız 3 yaş qrupu üzrə komanda saxlamağa məcbur olsaydı, o zaman keyfiyyət artardı. Nə uşaqların taleyi ilə oynanılardı, nə də belə biabırçı mənzərə ortaya çıxardı. Belədə klublar yetirmələrinə daha çox diqqət yetirər, onların daha savadlı müəllimlərlə işləməsinə çalışardı. Belədə maliyyə mənasız yarışlara yox, təlim-məşq toplanışlarına, xaricə səfərlərə, beynəlxalq turnirlərə sərf olunar, ortaya daha yaxşı məhsul çıxardı.

Gənclər Liqasıyla vidalaşan futbolçuların bu qədər çox olmasının digər səbəbi onların iş yeri tapa bilməməsidi. Ölkədə divizionqarışıq cəmi 13 klub var, 8 komandanın mübarizə apardığı Premyer Liqada legioner bolluğu üzündən yer məhduddu, divizionda isə orta maaş 200-250 manatdı. Belədə müstəqil həyata addım atan gənclər üçün bu pul yetərsizdi.

Bu qədər uşaq liqasının əvəzinə səviyyəli divizion klubları olsaydı, maliyyə bura yönəldilsəydi, gənclər futboldan erkən küsməzdi. İstedadı 20 yaşından sonra açılan o qədər futbolçu görmüşük, əmin olun ki, futbola erkən vida edən bu gənclərin içində də belələri az deyil. Sadəcə, AFFA-nın yanlış strategiyası üzündən uşaqları taleyin ümidinə atır, potensial cinayətkar dəstələri yaradırıq. Hansı ki, həm təhsildən, həm də idmandan kənar qaldıqdan sonra onların seçim imkanı çox az olur.

FƏRİD

Shares: