“Bu kluba və şəhərə minnətdaram. Sevgi və xoş münasibət üçün hamıya təşəkkür edirəm. Ancaq inanıram ki, həyatımda yeni mərhələ açmağın vaxtı gəlib”.
Futbolinfo.az xəbər verir ki, bu fikirləri “Qarabağ”la yollarını ayıran futbolçu Donald Gerye “İnstaqram” hesabında yazıb.
32 yaşlı haitili cinah oyunçusu Ağdam təmsilçisindən ayrılması üçün kluba müraciət etdiyini bildirib: “Hər kəsdən, xüsusən də azarkeşlərdən xahiş edirəm ki, məni başa düşsünlər. Onlar bu illər ərzində möhtəşəm idilər. Bu klubdakı illərim misilsiz oldu. “Qarabağ” çox yüksək hədəflərə sahibdir, bu səbəbdən mənim üçün həyacanverici, düşüncəli, eyni zamanda çətin dövr oldu. Amma çox yaxşı bilirəm ki, burada futboldan bənzərsiz şəkildə zövq aldım. Bunu heç vaxt unutmayacağam. Azarkeşlərimizə və AFFA-ya sonsuz təşəkkür edirəm. Bu həyacanlı illər ərzində qarşımda böyük futbolçular var idi. Hamısına minnətdaram”.
Gerye “Qarabağ”dan ayrılmaq haqqında çox düşündüyünü vurğulayıb: “Düşünürəm ki, artıq karyeramda yenilik etməyin vaxtı çatıb. Gedirəm, amma bu forma mənə həmişə “Qarabağ”la birlikdə olduğumu hiss etdirəcək. Kluba, prezidentə, baş məşqçiyə, komanda yoldaşlarıma və yorulmadan çalışan bütün işçilərə təşəkkür edirəm. Çox sağ olun”.
Qeyd edək ki, Donald Gerye qış fasiləsində Azərbaycanı tərk edib və komandanın düşərgəsinə gec qoşulub. O, bu səbəbdən əvəzedici heyətə göndərilib və 20 min ABŞ dolları məbləğində cərimə olunmuşdu. Gerye 2017-2019-cu illərdə də “Qarabağ”da çıxış edib. Haiti millisinin üzvü 2019-cu ilin yayında “Neftçi”yə keçib və 2020/2021 mövsümünün əvvəlində Ağdam klubuna qayıdıb. Onun müqaviləsi 2021-ci ilin yayında başa çatmalı idi. Cinah müdafiəçisi karyerasını Kiprin “Apollon” klubunda davam etdirəcək.