“Qalatasaray” əvvəlki günlərdə müjdəsini verdiyi transferləri tam rəsmiləşdirib.
Futbolinfo.az xəbər verir ki, İstanbul təmsilçisi İngiltərənin “Nyukasl” klubunun sağ cinah müdafiəçisi Deandre Yedlinlə Portuqaliya “Benfika”sının yarımmüdafiəçisi Jedson Fernandesi, həmçinin Misirin “Zamalek” klubundan Mustafa Məhəmmədi heyətinə qatıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xəbərdə Mustafanın 1.5 illik icarəyə götürüldüyü diqqətə çatdırılıb. 23 yaşlı hücumçunun icarəsinə görə Misir klubuna 2 milyon dollar ödəniləcək. “Qalatasaray” misirli futbolçunu satınalma şərti ilə icarəyə götürüb. Bu şərtin qüvvəyə minməsi üçün “sarı-qırmızılar”ın qarşı tərəfə daha 4 milyon dollar ödəməsi lazım gələcək. Məhəmməd özü bu mövsüm üçün yeni komandasından 400 min dollar məvacib alacaq. Növbəti mövsümdə onun qazancı 725 min dollar təşkil edəcək.
Deandre Yedlin birdəfəlik transfer olunub. ABŞ yığmasının da üzvü olan sağ cinah müdafiəçisi ilə 2.5 illik müqavilə imzalanıb. 27 yaşlı oyunçu azad agent kimi transfer edildiyinə görə, “Nyukasl”a heç bir təzminat ödənilməyəcək. Yedlin bu mövsüm “Qalatasaray”dan 350 min avro məvacib alacaq. Sonrakı iki mövsümdə isə onun qazancı hər ilə 1 milyon 150 min avro təşkil edəcək.
Jedson Fernandes isə mövsümün sonuna kimi icarəyə götürülüb. “Qalatasaray” bu keçidə görə “Benfika”ya 500 min avro icarə haqqı ödəyəcəksə, futbolçunun özünə yarım mövsüm üçün 650 min avro verəcək.
Deandre Yedlin 2016-cı ildən “Nyukasl”da çıxış edirdi. 27 yaşlı sağ cinah müdafiəçisi karyerasına ABŞ-da başlasa da, 2014-cü ildən üz tutduğu İngiltərədə “Tottenhem” və “Sanderlend”in də uğurları üçün çalışıb. O, ABŞ yığmasında 62 oyun keçirib.
“Benfika”nın öz yetirməsi olan Jedson Fernandes, 2018-ci ildən bu klubun əsas komandasında forma geyinirdi. 22 yaşlı yarımmüdafiəçi ötən mövsümün qış fasiləsi dönəmində İngiltərənin “Tottenhem” klubu tərəfindən icarəyə götürülmüşdü. Fernandes Portuqaliyanın əsas millisində 2 rəsmi oyuna çıxıb.
Sonda onu da qeyd edək ki, Mustafa Məhəmməd “Qalatasaray”da “31”, Deandre Yedlin “22” nömrəli formanı geyinəcək. Jedson Fernandesin forma nömrəsi isə hələlik, açıqlanmayıb.
Yeri gəlmişkən, “Qalatasaray” öz futbolçularından Emin Bayramı da “Boluspor”a icarəyə göndərib. Bu barədə sözügedən klubların mətbuat xidmətləri məlumat yayıb. 18 yaşlı stopper mövsümün sonuna qədər TFF 1-ci liqa təmsilçisinin uğurları üçün çalışacaq.