“Səbail”in hücumçusu Amil Yunanovun futbolinfo.az-a müsahibəsi

  • Azərbaycan Kubokunun ¼ final mərhələsində “Sumqayıt” üzərində ilk matçda qələbə qazandınız. Bunu gözləyirdiz? Razılaşaq ki, rəqib favorit idi…
  • “Sumqayıt” yaxşı komandadır. Bilirdik ki, çətin olacaq. Amma səfərdən yaxşı nəticə ilə qayıtdıq. Sadəcə, bununla arxayınlaşmaq olmaz. Çünki kubok iki matçdan ibarətdir. Cavab qarşılaşması da çətin olacaq. Yaxşı hazırlaşıb nəticəni təkrarlamalıyıq. Bir şeyi də qeyd edim ki, maraqlı oyun oldu.
  • Nəzərə alaq ki, səfərdə qol buraxmadan qələbə 70 faiz növbəti mərhələ deməkdir…
  • Belə düşünmürəm. Çünki rəqib yaxşı komandadır, çempionatda da yaxşı oynayırlar. Futbolda hər an, hər şey ola bilər. Çox diqqətli və əzmkar oyun ortaya qoymalıyıq.
  • “Sumqayıt”a qol vurmağı sanki çox istəyirdin…
  • Əlbəttə ki, qol vurmağı çox istəyirdim. Komandama kömək etmək niyyətində idim. İstəyirdim ki, qol vuram və qalib gələk. Çox sevinirəm ki, alındı.
  • Elə görünürdü ki, qol vurub özünü onlara sübut etmək istəyirsən…
  • Əlbəttə ki, onlara özümü sübut etmək istəyirdim. Məhz onların qərarına görə 6 ay futbolsuz qaldım. Bundan sonra hər şeyin mənim üçün yaxşı olacağına inanıram.
  • İlk epizodda fərqlənsən də, hakim qeydə almadı. Səncə, o epizodda qol var idi?
  • Məncə, elə o epizod qol idi və ofsayd yox idi. Lakin fərq etməz, hakim qeydə almasa da, fərqlənməyi bacardım.
  • Çempionatda isə vəziyyət heç də ürəkaçan deyil. “Səbail” bundan sonra daha çox xal toplaya biləcək?
  • Bunun üçün əlimizdən gələni edəcəyik. Qarşıda hələ 14 oyun var. Çalışıb çox şey edə bilərik. Xallar qazanıb nəticələrimiz yaxşılaşdırmağı bacaracağıq.
  • Çempionatda iddiasız olduğunuzu nəzərə alsaq, daha çox kuboka diqqət yönəldəcəksiniz?
  • Hər iki cəbhədə vuruşacağıq və daha yaxşı olmağa çalışacağıq. Bunun üçün yaxşı komandamız var.
  • Kamran Ağayevin təcrübəsi sizə nə qədər kömək edəcək?
  • Ağayevlə “Keşlə”də birlikdə oynamışıq. O, heyətdə olanda adam özünü rahat hiss edir. Ümid edirəm ki, öz yaxşı formasını tezliklə qaytaracaq və həm “Səbail”ə, həm milli komandaya kömək edəcək.

AĞA

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp