“Keşlə”nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri ilk oyunu şərh edib.
Futbolinfo.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 1:0 hesabıyla qalib gəldikləri matçdan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:
“Rəqib bu gün də öz gücünü göstərdi. Komanda şəklində çox yaxşı müdafiə olundular. Qələbə qazandıq, amma qonaq komanda bizə meydanda əziyyət verdi. “Kəpəz”in 1/8 finalda “Sabah”ı 2:1 hesabı ilə yendiyi matçı analiz etmişdik. Bu gün də çox sıx oynadılar. Bacardığımız qədər müdafiəni yarmağa çalışdıq. İkinci oyunun necə olacağını zaman göstərəcək. Cavab görüşünə ciddi hazırlaşacağıq. Çünki qarşımızda güclü rəqib var. Bunu hamımız dərk edirik”.
Qurbanov komandanın aparıcı futbolçularından Sezar Meza Kollini əvəzləməsinin səbəbini açıqlayıb: “Sezar bizim üçün çox önəmli futbolçudur. Meydanı tərk etməsi yorğunluqla bağlı deyildi. Digər tərəfdən, Sadio Tounkaranı bu gün iş başında görmək istəyirdim. Bütün futbolçular komandamız üçün dəyərlidir”.
Qeyd edək ki, bu komandalar arasındakı cavab görüşü fevralın 7-də Gəncə şəhər stadionunda keçiriləcək.