Hələlik ilk hissələr oynanılıb. Bütün cütlərdə suallara cavab matçarından sonraa aydınlıq gələcək. Düzdü, yarımfinala daha yaxın olanlar var, amma heç kimin işi bitirdiyini deyə bilmərik.
Ölkə kubokunun ¼ final mərhələsinin ilk matçlarında heç-heçə qeydə alınmadı. Hərəyə iki qələbə qazanan qonaqlarla neydan sahibləri növbəti 90 dəqiqəni gözləyir.
Taleyini yeganə qolun həll etdiyi matçlardan fərqli olaraq, “Qarabağ” daha rahatdı. Çünki ağdalmılar “Qəbələ”dən iki top fərqi ilə üstün oldu. Əyalət təmsilçisi matçın sonlarında təsəlli topunu vurmasaydı, çempionun yarımfinala vəsiqəni böyük ölçüdə qazandığını deyə bilərdik. Düzdü, ağdamlılar cavab matçında da favorit olacaq, bununla belə, rəqibin ümidlənməsinə imkan verdilər.
“Qarabağ” oyunun nəticəsini erkən həll edib, “Neftçi ilə çempionat görüşü öncəsi arxayınlaşmaq istəyirdi. Qaçırılan penaltidən sonra hesab açılsa da, fərqi böyütmək olmurdu. Yalnız Abdulla Zubirin meydana çıxmasıyla qonaqların müqaviməti qırıldı. Bununla belə, son dəqiqələrdə hesab arasında fərqin azalması intriqanı saxladı.
“Sumqayıt” – “Səbail” qarşılaşması oyunun keyfiyyətinə görə çox məyus etdi. Xüsusilə meydan sahibləri özünə bənzəmir və qonaqların hətta nisbətən zəif heyətlə qalib gəlməsi Ayxan Abbasov üçün siqnal olmalıdı. Bu məşqçi Cavid İmamverdiyevi israrla qazanmağa çalışır, lakin start heyətində dəfələrlə şans alan yarımmüdafiəçi komandasına fayda vermir. Digər oyunçularda da düşüş var və “kimyaçılar” tezliklə toparlanmasa, nəticələr düzəlməyəcək.
Hesabda üstünlük qazanmasına baxmayaraq, “Səbail”i bir addım öndə saya bilmərik. Bu komandaların son matçlarında qəribə tendensiya yaşanır – əksər hallarda qonaqlar qalib gəlir. Ssenari dəyişməsə, hətta sumqayıtlılar səfərdə daha çox qol vurmaq sayəsində istəyinə çata bilər.
“Sabah”ı kubokdan uzaqlaşdıran “Kəpəz” daha bir sürprizə yaxın idi. Düzdü, “Keşlə” ilə oyunda bakılılar matç boyunca diqtə edən tərəf idi. Lakin qol epizodları yaratmaq baxımından bakılıların aşkar üstünlüyü görünmürdü. Hətta matçın gedişində gəncəlilər rəqibin hücuma aludə olmasından faydalanaraq, əks-hücumda sürprizə imza ata bilərdi.
Gəl ki, Rəhim Həsənovun şübhəli qərarı “Kəpəz”in planlarını alt-üst etdi. Onun yaxın məsafədən vurulan zərbədən sonra dizdən sıçrayıb ələ dəyən topu penalti kimi dəyərləndirməsi vəziyyəti dəyişdi. Adətən belə epizodlarda hakimlər bu qədər sərt olmur, lakin görünür, divizion klubunu cəzalandırmaq daha rahatdı. Eyni epizod “Keşlə”nin qapısı önündə yaşansaydı, Həsənovun fərqli qərar verəcəyinə şübhə etmirik.
Qələbə “Keşlə”nin çempionatdakı uğursuz seriyanı qırması baxımından önəmli oldu. Bununla belə, yeni baş məşqçi Sənan Qurbanovun hansısa xidmətindən danışa bilməyəcəyik. Məşqçi dəyişikliyi bakılıların oyununda özünü göstərmədi.
“Neftçi” – “Zirə” matçının ədalətli nəticəsi heç-heçə olardı. Qapıçı Səlahət Ağayevin kobud səhvi qonaqları qalib etdi. Cavab matçının daha gərgin, daha maraqlı keçəcəyi şübhəsizdi.
Doğrusu, cütün taleyini daha çox “Neftçi”nin Samir Abasovun vaxtında alınan ilk məğlubiyyətə necə reaksiya verəcəyi həll edəcək. Uğurlu oyunları sıralayan flaqmanda psixoloji durumun testi üçün bu matçın böyük rolu olacaq. Abasov Ağayevin səhvini “günah onu qapıya qoyandadı” deməklə öz boynuna çəkdi, lakin açıqlamada ironiya da var idi. Məşqçi bununla özünü həm günahkar bildi, həm də futbolçunu daha pis “yüklədi”.
Psixoloji durumun həlledici olacağını əbəs yerə vurğulamırıq. Samir bəy işlərin yaxşı getdiyi oyunlardan sonra şikayətlənməz, heyətin yaxşı olduğunu dilə gətirərdi. Lakin ilk məğlubiyyət qeydə alınınca sanki kənarda günahkar axtarmağa çalışdı. Monrozla Lavalın durumunun bəlli olmaması, hücumçu ala bilməmələri ilə bağlı açıqlamanın başqa izahı yoxdu.
İstənilən halda, yarımfinala vəsiqələrin taleyi bəlli deyil, şanslar yenə bərabərdi. İlk oyunlardakı səhvlərdən daha yaxşı nəticə çıxaranlar final üçün döyüşə davam edəcək.
FƏRİD