Premyer Liqanın 17-ci turu çərçivəsində baş tutacaq oyunların hakimləri hələ açıqlanmayıb. AFFA Hakimlər Komitəsi gün ərzində təyinatları elan etməlidi.
Bununla belə, futbolinfo.az gizli saxlanan təyinatlar haqda bilgiyə daha öncə sahib olmağı bacarıb. Digər qarşılaşmalar öz yerində, diqqətimizi çəkən “Qəbələ” – “Sumqayıt” matçıdı. Bölgə təmsilçisinin hakimlərdən şikayət etməsi öz yerində, dünən təqdim etdiyimiz statistikadan da görünür ki, bu mövsüm ədalət təmsilçiləri “kimyaçılar”ı himayəsi altına alıb. Ona görə də bu qarşılaşmaya təyinat alan şəxsin kimliyi maraqlıdı.
AFFA son söz-söhbətləri nəzərə alaraq, sözügedən qarşılaşmaya yeni sima göndərəcək. Hər nə qədər qəribə olsa da, bu mövsüm sözügedən komandaların heç birinin oyununa təyinat almamış Səbuhi Bayramov iş başında olacaq. Onun narazılıqlara son qoyaraq ədalətli davranmaq üçün, yoxsa uzunmüddətli cəzasını bağışlatmaq naminə xüsusi sifarişlə göndərildiyini matç zamanı biləcəyik.
Maraqlıdı ki, perspektivli hakimlərdən sayılan, komitə sədri Frits Stuxlikin kəşflərindən biri kimi təqdim edilən Səbuhi 10 turdu heç bir matça təyinat almırdı. O, nə Premyer Liqada, nə də kubok oyunlarında fit çalmışdı. Güvənilən birinin bu qədər kənarda qalması isə təsadüf ola bilməz, çünki digər hakimlər uzağı 2-3 turluq fasilədən sonra daim təyinat alıb.
Həm də Bayramov bu mövsüm yalnız “Keşlə”nin matçlarında iş başında olub. O, 2-ci turda “Qarabağ”la 0:0, 6-cı turda “Səbail”lə 1:1 hesabıyla bitən matçlarda meydanda olub. Ovaxtdan bəri, yəni, ötən il oktyabrın 17-dən bu yana Bayramov Premyer Liqada oyun idarə etməyib. Avrokuboklara vəsiqə uğrunda mübarizədə həlledici sayıla biləcək matçlardan birinə uzun müddət kənarda saxlanılmış hakimin təyinat alması maraqlıdı.
P.S.: AFFA təsdiq etdiyi təyinat siyahısını elan etməmiş bir daha dəyişsə, təəccüblənmərik. Amma əmin olun ki, dünən məhz Bayramova Qəbələyə gedəcəyi deyilib.