Bu, adi cəza deyil, cırnatmadı, beyinqazımadı. AFFA “Qarabağ”a psixoloji zərbə vurmaq üçün hər yola əl atır. Qurumun əsas idarəçisi Elxan Məmmədov uğurlarına həsəd apardığı, nəticələrini yuxuda belə görmədiyi, qısqandığı, əli altında olan klublara fərq atan Ağdam təmsilçisinin əsəbləriylə oynayır.
Bu, “Qarabağ”ı ağılla idarə edərək inanılmaz nəticələr qazanan klub rəhbərliyinə, hətta kölgəsindən ehtiyat etdiyi Qurban Qurbanova atılan əlcək, hiyləgər manevrdi. Guya ki, mətbuatın, sosial şəbəkə istifadəçilərinin, ictimaiyyətin fikirlərini nəzərə alıblar. Digər haqlı tənqidlər zamanı kor olan Məmmədov və ətrafı indi ədalət saçmağa başlayıb.
AFFA İntizam Komitəsi “Sumqayıt” – “Qarabağ” oyununda qonaqların futbolçusu Uroş Matiçin futbol formasında standartlar pozulduğu üçün klub 3000 manat cərimə olunub. Qanunları, qadağaları, tələbləri nəzərə alsaq, lap düz ediblər. Dilimizə, əlifbamıza hörmət hər şeydən önəmlidi. Hətta 3000 manat azdı, qoy cəriməni 30 000 etsinlər. Amma…
…Amma bu qərarın məhz indi verilməsinin özü ayıbdı. “Qarabağ”ın günahı danılmazdı, səhv ediblər. Bəs, bunu unduyə kimi görməyənlər hansı cəzanı aldı? Və ya mətbuat, sosial şəbəkə izləyiciləri bunu indimi gördü? Bəlkə “Qarabağ”ın ardıcıl 2 oyunda xal itirib, liderlikdən düşməsindən sonra bu ajiotaj kimlərəsə lazımdı? Axı, Matiç gəldiyi gündən bu formanı geyir.
Matiçin meydanda olmadığı oyuna görə cəzalanması faktı özü AFFA-nin bədniyyətlilərini ələ verir. Futbolçi oyuna çıxmayıbsa, deməli, həmin qüsurlu geyimdən istifadə etməyibsə, niyə cəzlanır? Hansı foto/videogörüntüyə əsasən? AFFA Matiçin formasında qüsur olduğunu necə sübut edə bilər? Bəli, əvvəlki oyunlarda səhv olub, o zaman niyə cəzanın adı “Sumqayıt”la oyunda standartları pozması kimi qələmə verilir?
Bildiyimizə görə, İntizam Komitəsi cəriməni matçın AFFA nümayəndəsi Eldəniz Musayevin raportuna əsasən kəsib. O zaman əvvəllər “Qarabağ”ın matçlarına təyinat alan, bu qüsuru görməyən şəxslər niyə cəzalanmır? Forma dəstlərini mövsümün əvvəlində təftiş etməli olan əlaqədar qurumlar, o cümlədən Peşəkar Futbol Liqası hara baxırmış?
Bu adamlar futboldakı bütün qüsurları mətbuatın, sosial şəbəkənin, ictimaiyyətin iradları əsasında düzəldirsə, Elxan Məmmədovun eyiblərini niyə kor qalıblar? Axı, illərdi bu adamın Azərbaycan futbolunun evini yıxdığını hamı yazır, fotofaktı milli komandanın turnir cədvəli, sübutu Premyer Liqada komanda sayının 8-ə enməsi tablosudu. Azərbaycanın futbol adına ən dəyərli nümunəsi “Qarabağ”ın qüsuru Məmmədovun gözünə girir, dost-tanışını klublara yerləşdirməsi, yüzlərlə fırıldağı, maliyyə oyunları, Zaur Axundovun simasında İcraiyyə Komitəsinin üzvünün həm federasiya, həm klub prezidenti olması, “Keşlə”nin FIFA, UEFA Nizamnamələrinə zidd olaraq birbaşa assosiasiyadan maliyyələşməsi görünmür? Bəli, cəzalandırın – “Qarabağ”ı da, digərlərini də – ikili standartsız.
Çempionatın Əsasnaməsində formalarda adların Azərbaycan əlifbasından istifadə edilərək yazılması qeyd olunub. Bu səbəbdən soyadının son hərfi fərqli əlifbada yazılan Matiçə görə “Qarabağ” haqq etdiyi cəzanı aldı. Lakin əlifba yeganə tələb olmalıdımı? Əsasnaməni tərtib edənlər Koçukun soyadının istənilən formada yazılmasına niyə qadağa qoymayıb. Və ya soyadlardan sonra nöqtə qoyulması, ardınca adın baş hərfinin yazılması, davamında adının qısaldıldığını bildirmək üçün nöqtənin unudulması kimi eyibləri kimin vicdanına yazaq (nümunələr fotolarda)? Dilə, əlifbaya hörmət budurmu?
Nağıl danışmayın, cizgi fimi çəkməyin, qərarda birbaşa yazın: “Bizimlə olmayan, oğurluq etməyən, inkişaf üçün çalışanlar düşmənimizdi!”
CAVAD
P.S.: Görəsən, dağıstanlıların – Canetovun, Mrzabekovun, Quseynovun Cənnətov, Mirzəbəyov, Hüseynov kimi yazılmasına, pasportlarından fərqli təqdim edilməsinə də cəza olacaqmı? Yeni Əsasnamədə bunu mütləq nəzərə alın!