Premyer Liqanın 17-ci turu da sakit keçmədi. Hakimlər kobud səhvlərə davam edib, komandaların taleyi ilə oynadı. Sadəcə, bu dəfə zərərçəkənlər qalib komandalar olduğundan narazılıqlarının səs-küyü qulaq batırmadı.

Hakim səhvləri ara-sıra olsaydı, anlayışla qəbul etmək olardı. Amma yanlışlar sıralanırsa və istiqamət eynidisə, artıq orada qərəz, sifariş elementlərindən danışmaq gərəkir. Hakim gözü önündəki, bir neçə metrliyindəki epizodu yanlış dəyərləndirirsə, deməli, məqsəd başqa, niyyət kirlidi.

Ən maraqlısı, eyni səhvlərin yenə “Qəbələ”nin əleyhinə, “Sumqayıt”ın lehinə edilməsidi. Sanki hakimləri bu komandaların oyunlarına fərqli tapşırıqlarla göndərirlər.

Bugünədək penalti vurmamasına üsyan edən bölgə təmsilçisinin arzusu 17-ci turda da gözündə qaldı. Hakimləri ifşa edən qəbələlilərin ən azı bu dəfə istəyinə çatması üçün əsası vardı. Son turadək hakimlər bəhanə edə, komandanın hansısa ciddi epizodu olmadığı üçün penaltiylə mükafatlandırılmadığını deyə bilərdi. Lakin “Sumqayıt”la ev matçında Səbuhi Bayramov 2 dəfə “qırmızı-qaralar”ın haqqını yedi. O, 38 və 90-cı dəqiqələrdə müdafiəçilərin Nikolas Rayseli şaqqalamasını görmək istəmədi.

Halbuki həmin epizodlarda hətta tribunada əyləşib penalti təyin etmək olardı. Ya Bayramovun yaxını görməklə bağlı problemi var, ya da Qəbələyə AFFA-dan tapşırıqla göndərilmişdi. İkinci variant daha inandırıcıdı, çünki görmə qüsurlu hakimə təyinat verilməz. AFFA-nın sevimli körpəsi olan “Sumqayıt”ın prezidenti Riad Rəfiyevə kömək etmək isə vacibdi. “Kimyaçılar” avrokuboka getməsə, bu hüququ qazanan müstəqil klubların sayı daha çox olacaq. Bu, AFFA rəhbərliyi üçün arzuolunmazdı.

“Sumqayıt”ın hamıdan çox penalti vurması statistikasını oxucularımıza təqdim etmişdik. Səbuhi kimi hakimlərin özünü “korluğ”a vurması nəticəsində komanda belə cərimə zərbəsiylə hamıdan az cəzalanıb. “Kimyaçılar” indiyədək qırmızı vərəqə görməyibsə, məhz onların rəqibləri adətən oyunları azlıqda başa vurub. Komandanın məşqçi və futbolçularının əziyyətini yerə vurmaq istəmirik, “Sumqayıt” baxımlı futbolu ilə alqış qazanıb, lakin nəticələrdə Rəfiyevə sevginin də ciddi rolu var.

Əziz AFFA rəhbərliyi və onların sifarişini yerinə yetirən Hakimlər Komitəsi, diqqətli olun. Bölgələrdə futbolu onsuz da məhv etmisiz, son təmsilçi olan “Qəbələ”ni də sıradan çıxarmayın. Bu klub sizin yaratdığınız süni, qondarma, SOCAR-ın əlinə baxan klublardan daha lazımlıdı. Uşaq futbolundakı səmərəli işiylə fərq yaradan “Qəbələ”nin az qala bütün Premyer Liqa klublarında yetirməsi var, gətirdiyi əcnəbilərin səviyyəli olmasına görədi ki, 6 sabiq legioneri indi onların özünə qarşı əks düşərgələrdə mübarizə aparır. Belə klubu ancaq biznes maraqlarını düşünən, futbolun inkişafından çox karyerasının qayğısına qalan, alverçi təfəkkürü ilə davranan Riad Rəfiyevə niyə qurban verirsiz?

AĞA

154365994 5143676672372196 4612272784178976058 n - Futbolinfo.az
154288391 746314732721284 4917732187543138832 n - Futbolinfo.az
Shares: