“Qarabağ” Premyer Liqanın 17-ci turuna xüsusi geyimlə çıxmışdı. Ağdam klubunun futbolçuları “Səbail”lə görüşdə meydana Xocalı soyqırımının 29-cu ildönümünü anmaq üçün fərqli formalar geymişdi. Formanın kürəyində #JusticeforKhojaly (Xocalıya ədalət) yazılmış, qolunda isə 613 rəqəmi (Xocalı soyqırmı qurbanlarının sayı) əksini tapmışdı.
Lakin meydana xüsusi formalarda çıxmaqla kifayət etmir. Futbolçuların, xüsusilə əcnəbilərin acı tariximizi bilməsi, imkan düşəndə ölkələrində təbliğ etməsi lazımdı. Dünya ictimaiyyətinin erməni vəhşiliyinə biganə qalmaması üçün hər imkanda səsimizi duyurmalıyıq.
“Qarabağ”da bu baxımdan işlər yaxşı qurulub. Təsadüfi deyil, komandanın fransız yarımmüdafiəçisi Abdulla Zubir nəyə görə bu formaları geydiklərini öyrənib: “Təbii ki, meydana çıxdığımız formada yazılanların mənasını bilirdim. Artıq neçə ildi klubdayam və bilirəm ki, bu, böyük faciəni əks etdirir. 613 rəqəmi Xocalı faciəsi qurbanlarının sayıdır, hələ orada nə qədər itkin düşən, yaralanan insanlar var. Bu barədə bizə klubdan məlumat verilmişdi. Hər zaman klub prezidentimiz Tahir Gözəl də bizə bu faciə barədə danışır. Bu acını dərk edirəm, faciədə həyatını itirənlərin hamısına rəhmət diləyirəm. Bu, soyqırım aktıdı. Ölkəmdə olanda insanlara, tanışlara bu barədə məlumat verirəm”.
Xorvat yarımmüdafiəçi Filip Ozobiç də tam məlumatlıdı: “Bu barədə təbii ki, məlumatım var. Formalarımızda yazılan yazılar haqqında bilirəm. Bilirəm ki, 1992-ci ildə ermənilər,xüsusilə erməni hərbçiləri əliyalın əhaliyə qarşı genosid törədiblər”.
“Qarabağ”ın gördüyü iş təqdirəlayiqdi. Formaları göstəriş xatirinə geymək lazım deyil, o formanı daşıyanlar acı tariximizi də bilməlidi.