AFFA Hakimlər Komitəsinin yeni təyinatları sizi də təəccübləndirəcək. Premyer Liqa matçlarına sifarişlə göndərilən hakimlərin nə hoqqadan çıxdığının şahidi olmusuz. İndi I divizionda daha biabırçı hadisələr baş verəcək.

Martın 1-də divizionda növbəti turun matçları keçiriləcək. 15-ci turun əsas matçı Qərb derbisi olacaq. Amma AFFA lider “Turan Tovuz” üçün sürpriz hazırlayıb. Bu komandanın “Kəpəz”lə ev oyununda gəncəli hakim söz sahibi olacaq. Gəncə komandasında futbol oynamış, hazırda da bu şəhərdə yaşayan Kamranbəy Rəhimov AFFA-nın sevimli komandasına səfər matçında “dayaq durmalıdı”.

Yaşar Vahabzadənin yetirmələri daha bir görüşdə xal itirsə, növbəti mövsüm Premyer Liqaya yüksəlmək şanslarını itirəcək. “Turan Tovuz”la “Zaqatala” ilk iki pillədə yanaşı addımladığından, “Kəpəz” şanslarını ciddi şəkildə azaldacaq. Gələn mövsüm elitada komanda sayını 10-a çatdırmaq planı olan AFFA bir vəsiqəyə “Kəpəz”in sahib olması niyyətindədi. Lakin bu 3 bölgə klubunun imkanları eynidi, lisenziya tələbləriylə bağlı çatışmazlıqları oxşardı. Onlara müəyyən güzəştlər edilməsi nəzərdə tutulub, lakin 2 xoşbəxt tutduğu yerə görə seçiləcək. Bu səbəbdən “Kəpəz”in irəli getməsi lazımdı.

Gəncəli hakimi Gəncə komandasının oyununa göndərməməli olduqlarını AFFA-da da bilirlər. Bu səbəbdən ndiyədək Rəhimov “Kəpəz”in matçlarına təyinat almayıb. “Turan Tovuz”un xal itirdiyi azsaylı matçlardan birini isə məhz Kamranbəy idarə edib. İndi bu hakim Qərb derbisinə təyinat alıb.

AFFA hələlik təyinatı açıqlamayıb, lakin sözügedən hakimə Tovuza getmək üçün hazırlaşmaq tapşırılıb, sifariş verilib.

Shares: