Futbol üzrə Ukrayna Premyer Liqasında 16-cı turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, azərbaycanlı hücumçular – Anatoli Nuriyevlə Rüstəm Əhmədzadənin formasını geyindyi “Minay” da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda Donetsk “Olimpik”i ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:1.
Azərbaycanlı futbolçular da bu görüşün iştirakçısı olublar. Anatoli start heyətində meydana çıxıbsa, Rüstəm 68-ci dəqiqədə mübarizəyə qoşulub. Komandasının hər iki qolunu Nuriyev vurub. Kapitan 13 və 45+2-ci dəqiqələrdə penaltidən dəqiq yararlanıb. 18-ci dəqiqədə sarı vərəq də alan hücumçu 85-ci dəqiqədə ikinci dəfə xəbərdarlıqla üzləşdiyi üçün meydandan qovulub. Rüstəm də sona qədər meydandan qala bilməyib. Məşqçilər korpusu onu 90+2-ci dəqiqədə əvəzləməyə qərar veriblər.
“Minay” 16 turdan sonra 13 xalla 14 kollektiv arasında 12-ci pillədə qərarlaşıb. Sözügedən komandanın ehtiyatda da bir oyunu var.