AFFA səhvi səhvlə yuyurmuş. Sən demə, “Turan Tovuz” – “Kəpəz” matçına gəncəli hakimin təyin edilməsinin səbəbi var imiş.

Dünən I divizionda növbəti turun matçına gözlənilməz təyinatdan bəhs etmiş və gəncəli referinin “Kəpəz”in oyununda fit çalmasının yolverilməz olduğunu yazmışdıq. AFFA-nın bu gün açıqlayacağı təyinatlar son anda dəyişdirilməsə, Tovuzdakı matçda Kamranbəy Rəhimov söz sahibi olacaq.

“Futbolinfo”da gedən xəbərə dünən Gəncədən reaksiya gəldi. Klubun mətbuat xidmətinin rəhbəri Azad Mustafayevin göndərdiyi mətnlə tanış olun: “Turan Tovuz” – “Kəpəz” matçına gəncəli hakimin təyin olunması barədə gedən yazı klubumuz tərəfindən birmənalı qarşılanmadı. Derbiöncəsi belə fikirlərin ortaya çıxması azarkeşlərə də təsir edib. İlk dövrədə bu komandalar arasında Gəncədə keçirilmiş oyuna tovuzlu baş hakim Nicat İsmayıllı təyinat almışdı. Və görüş qonaqların 3:2 hesablı qələbəsi ilə nəticələnmişdi. Həmin görüşdə rəqib sonuncu qolu 89-cu dəqiqədə mübahisə doğuran penaltidən vurmuşdu. Hətta referi baş məşqçimizə qırmızı vərəqə göstərmişdi. Amma o zaman biz tovuzlu hakimin təyinatına etiraz etmədik, bunu normal qarşıladıq”.

Göründüyü kimi, gəncəlilər bu təyinatla bağlı yazılanlardan narahatdı. Onların misal kimi ilk dövrədə başverənləri göstərməsi də təsadüfi deyil. Bu açıqlamanın açması belədi: tovuzlu hakim “Turan”ın qələbəsinə nail olubsa, niyə də gəncəli referi eyni şeyi “Kəpəz” üçün etməsin?

Fakt odur ki, sözügedən oyunlara komandalardan birinin təmsil etdiyi şəhərin nümayəndəsinin göndərilməsi xoşagəlməz söz-söhbətə səbəb olur. Hətta hakim oyunu ədalətlə idarə etsə belə, şübhələr olacaq, matç ərzində təzyiqlə üzləşəcək.

Mustafayev daha sonra davam edir: “Kamranbəy Rəhimov gəncəli olsa da, Bakıda yaşayır və klubumuza aidiyyatı yoxdur. Klubumuz tərəfindən heç vaxt hakim təyinatlarına etiraz olmayıb. Bakı komandalarının oyunlarına paytaxtdan olan hakimlər təyinat alır. Bu, qıcıq yaratmadığı kimi, tovuzlu hakimin “Turan”ın, gəncəli hakimin “Kəpəz”in matçında iş başında olması təəccüblü qarşılanmamalıdı. Hakimlərimizin ədalətinə inanırıq”.

Qulağa xoş gələn bu cümlələr klub mövqeyidi, anlayışla qarşılamalıyıq. Tovuzlu hakimin Gəncədə məğlubiyyətə səbəb olan mübahisəli penalti təyin etməsini, baş məşqçini qovmasını misal gətirdikdən sonra hakimlərin ədalətinə inandıqlarını deməyi rəsmiyyətin hiyləsi sayaq.

O ki qaldı, paytaxt klubları ilə oyunlarda bakılı hakimlərin təyinat almasına, bu barədə AFFA düşünməlidi. Bölgələrdə futbolu məhv edən qurum hakimlər briqadalarının da axırına çıxıb. Rayonlarda klublarla yanaşı hakim briqadaları da olmalı, təyinatlar zamanı bu kimi məsələlər nəzərə alınmalıdı. Vaxtilə SSRİ çempionatında 4 briqada ilə təmsil olunan Azərbaycanın hazırda bölgələrində yetərli sayda hakim yoxdu.

İstənilən halda, “Kəpəz”in etiraz mətnində tovuzlu hakimlə bağlı qeyd diqqətə alınmalıdı. Gəncəlilər bu mətnlə AFFA-nı ifşa etmiş oldu. Deməli, bu gün Tovuzda ilk dövrədə mübahisəli penaltiylə qazanılan qələbənin əvəzini çıxmağa cəhd olacaq.

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp