Yeni mövsümdə “Keşlə”ni Sənan Qurbanov çalışdırmayacaq. Artıq 3-cü baş məşqçi ilə davam edən paytaxt klubu bu gənc çalışdırıcı ilə də yolları ayıracaq.

Kubokda hakim köməyi sayəsində “Kəpəz” üzərində qazanılan qələbələr nəzərə alınmasa, Qurbanov yalnız uğursuz nəticələrlə yadda qalıb. 3 oyuna 2 xal toplayan “Keşlə” hətta Yunis Hüseynovun dönəmindəkindən də pis vəziyyətdədi. Komandanın çempionat vasitəsi ilə avrokuboklara vəsiqə qazanmaq şansı demək olar, qalmayıb. Autsayderin yalnız uğur qazanmağın çətin göründüyü kuboka ümidi qalıb. Lakin hətta bu titulu qazanması da Sənan bəyi xilas etməyəcək.

AFFA-nın sifarişi ilə baş məşqçi postuna gətirilən Qurbanov haqda klub rəhbərliyinin fikirləri müsbət deyil. Müşahidə Şurasının sədri Zaur Axundov futbolçuların sözü ilə oturub-durmağı sevir, onların məsləhətiylə qərar verir. Futbolçular isə yeni məşqçidən də narazıdı və onların bu qənaətə gəlməsində Ceyhun Sultanovun böyük rolu var. İdman durektoru paltardəyişmə otağından qovulmasını çalışdırıcıya bağışlamaq niyyətində deyil, oyunçuları ona qarşı qaldırır.

Yayda yeni komanda qurmaq niyyətində olan Sultanov yeni məşqçini özü gətirmək niyyətindədi. “Neftçi”dən cüt qovulduqları qohumu Füzuli Məmmədovu yanına gətirmək üçün günləri sayan Ceyhun bəy komandanın uğursuz olmasında maraqlıdı. Məhz belə olacağı halda o, heyəti təmizləmək imkanı qazanacaq və istədiyi kollektivi quracaq.

Sultanov heyətdəki əcnəbilərin əksəriyyətini qovmaq niyyətindədi. Qışda göndərməyə gücünün çatmadığı Con Kamara, Miyusko Boyoviç, eləcə də bəzi yerli oyunçuların üstündən indidən xətt çəkilib. O, Füzuli Məmmədovla birlikdə indidən gələn mövsümün heyətini formalaşdırmaq haqda düşünürlər, bəzi əcnəbiləri izləyir, yerli futbolçularla danışıq aparırlar. Axundovdan razılıq alınıb, qalır mövsümün bitməsi.

Qurbanovun erkən yola salınması da mümkündü. Milli komandanın toplanışına kimi baş tutacaq 3 turda “Səbail”, “Neftçi” və “Sumqayıt”la görüşlər Sənan bəy haqda erkən qərara səbəb ola bilər. Bu matçlarda azı 6 xal toplamaq mümkün olmasa, Füzuli Məmmədovun təyinatı tezləşəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp