FIFA “Keşlə”nin paraqvaylı futbolçusu Sezar Meza Kollinin milliləşdirilməsinə icazə verməyib. Buna futbolçunun ardıcıl olaraq 5 il Azərbaycanda yaşamaması səbəb göstərilib.

Düzdü, Meza Kolli ölkəmizdə daha uzun müddət yaşayıb. Lakin Azərbaycana gəldiyi gündən bir neçə klubumuzda oynasa da, zaman-zaman fərqli ölkələrə yollanıb, Rumıniyada legioner həyatı yaşayıb. Bu da qanunla onun milliləşdirilməsinə icazə verilməməsini labüd edir.

Əslində, AFFA və “Keşlə”nin israrı mənasız idi. Hüquqşünaslar səriştəli olsaydı, hətta belə müraciətə gərək olmazdı. Mümkün olmayacaq bir izdivacla bağlı vaxt itirməyə dəyməzdi. Futbolinfo.az olaraq hələ ötən ilin fevralında yazmışdıq ki, Meza Kollinin milliləşdirilməsinə icazə verilsə, öz qanunlarını pozmuş olacaq.

Çünki Sezar Azərbaycanda ilk oyununa 2013-cü il sentyabrın 12-də çıxıb. 2014-ün 14 martına kimi müntəzəm oynayan Meza Kolli ondan sonra itkin düşüb və bir də 2015-in 30 yanvarında meydana çıxıb. 22 may 2015-də “Qarabağ”a qarşı görüşdə 15 dəqiqə “İnter”in formasını tərlədən paraqvaylı yenə yaz və payızda gözə dəyməyib. Bir də 2016-nın yanvarında Azərbaycan çempionatında forma geyən Sezar 15 mayda son matçını keçirib. Yayda “Zirə”yə keçən futbolçu 2016-cı il sentyabrın 25-də debüt edib, 2017-cu il aprelin 29-a kimi müntəzəm oynayıb. Bundan sonra o, yenə yoxa çıxıb, Azərbaycanda olmayıb və 2018-ci il fevralın 11-də “Keşlə”də ilk oyununu keçirib. 2018-ci il mayın 28-də Azərbaycan kubokunu qazanan Meza Kolli yayda avrokubok matçlarından sonra (19 iyul) Rumıniyaya yollanmaqla ölkəmizdəki ardıcıl çıxışını yekunlaşdırıb. 2019-cu ilin mayına kimi “Universitatya”da görünüb və avqustdan yenə “Keşlə”nin düşərgəsindədi. Bundan sonra o, yenə Azərbaycanı tərk edib və müqavilə ilə məxsus olduğu Rumıniya klubuna qayıdıb. “Universitatya” ilə müqaviləsini pozan futbolçu yenidən Bakı klubuna dönüb.

FIFA Nizamnaməsində aşkar yazılır:
Məsələn, Meza Kolli və ya başqa biri Azərbaycanda millisində oynamaq hüququ almaq üçün…
– …Azərbaycanda anadan olmalıdı
– …bioloji atası və ya anası Azərbaycanda anadan olmalıdı
– …babası və ya nənəsi Azərbaycanda anadan olmalıdı
– …18 yaşı tamam olduqdan sonra FASİLƏSİZ OLARAQ ən azı 5 il Azərbaycanda yaşamalıdı
Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə nəzər salaq:
III Bölmə/Fəsil 8/Maddə 52-nin “Qeyd”i olaraq açıq-aydın izah olunur. Orada yazılır ki, Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşama müddəti o halda fasiləsiz hesab edilə bilər ki, şəxs 180 gün ərzində 90 gündən çox müddətdə Azərbaycan Respublikasının ərazisindən kənarda olmasın. Amma Sezarda bu tələb dəfələrlə pozulub. O, 2014, 2015 və 2017-ci illərin payızında ölkəmizdə olmayıb. Yalnız 2014-də müqaviləylə “İnter”ə məxsus olub, zədəsli olduğundan meydana çıxmayıb. Digər illərdə isə Meza Kollinin ölkəmizlə hər hansı bağlılığına da rast gəlmirik. Bu səbəbdən onun həmin 6 ay/180 gün ərzində ölkəmizdə yaşaması, 90 gün keçirməsi absurddu. AFFA, klub və ya meneceri əksini iddia edirsə, buyurub, miqrasiya xidmətindən müvafiq arayış təqdim etməlidilər. Oyunçunun ölkəyə giriş-çıxışı vaxtlarına baxmaqla bunu müəyyən etmək mümkündü.

Bütün bu məqamlar Sezarın milliləşdirilməsi mümkün olmayacağı ilə bağlı yazımızdandır. Nəhayət, FIFA bu barədə son qərarı açıqlayıb. Onun Azərbaycan yığmasında oynamasına icazə verilməyib.

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp