Futbol üzrə Portuqaliya yığmasının baş məşqçisi Fernando Santos DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan milli komandasına qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Təcrübəli mütəxəssis bu gün İtaliyanın Turin şəhərindəki “Yuventus” stadionunda baş tutan mətbuat konfransında bunları söyləyib: “Düşərgədə əhval-ruhiyyə həmişəki kimidir. Bütün diqqətimiz sabahkı oyundadır. Gün ərzində rəqib haqqında daha çox məlumat toplayacağıq. Oyunu mürəkkəbləşdirsək, bizim üçün çətin olacaq. Bu oyuna son dərəcə ciddi, peşəkarlıq və həvəslə yanaşmalıyıq. Çünki sabah uğur qazanmaq istədiyimiz yeni bir mərhələyə başladığımızı anlamalıyıq. Yalnız arzulamaqla nəyəsə nail olmaq mümkünsüzdü. İndidən dünya çempionatının iştirakçıları arasında olduğumuzu düşünmək də bizə zərər verə bilər. Buna görə də tam olaraq seçmə mərhələ oyunlarına köklənməyimiz lazımdır”.

Santos bildirib ki, onlar üçün hər görüş final xarakteri daşıyır: “Sabahkı oyunda favorit olduğumuzu bilirik. Amma rəqibə hörmətlə yanaşmasaq və meydanda əlavə üstünlüyümüzdən istifadə etməsək, böyük problemlərimiz ola bilər. Oyunlar meydanda qazanılır”.

O, Canni De Byazinin başçılıq etdiyi kollektivin yaxşı müdafiə olunacağını vurğulayıb: “Bizi ciddi müqavimət gözləyir. Bilirəm ki, müdafiədə etibarlı oynayıb, sürətli əks-hücumlara üstünlük verəcəklər. Həmçinin standart vəziyyətlər zamanı da diqqətli olmalıyıq”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp