Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi İtaliya mətbuatına müsahibə verib.

Futbolinfo.az xəbər verir ki, italyan mütəxəssis “repubblica” nəşrinin suallarını cavablandırıb.

  • Albaniyadan sonra Azərbaycan millisini seçdiniz. Hər şey necə baş verdi?
  • Artıq 10 ildən çoxdur İtaliyadan ayrılmışam. Ya bu iki ölkə mənə işimi görməyə şərait yaratdı, ya da özümü başqa yenidən yığmada sınamaq üçün bu addımı atdım.
  • Bu işi İtaliyada görə bilməzdiniz?
  • Bəzi istisnaları nəzərə almasaq, yox. Məşqçilik çətin işdir. Bunu mərc kimi yaşaya bilməzsən. Kazinoda bir gecədə heç nəyi dəyişmək olmaz. Həyata baxışını dünyaya, futbola, komandaya çatdırmalısan. Hər şey həmişə müvəqqətidirsə, bunu necə etmək olar?
  • Azərbaycandakı həyatınızdan razısınız?
  • Azərbaycan millisinə qədər İtaliyada bir neçə təklifi geri çevirdim. Çünki hər şeyin yenə tez bitməsini istəmirdim. Digər yığmalar da məni axtarırdı. Amma həmin vaxt artıq Bakıda idim. Bu şəhər məni yaxşı mənada təəccübləndirdi. Bakıda hər şey məni qane edir. Xəzər dənizinin sahilində çox gözəl evim var. Hətta deyərdim ki, bu indiyədək yaşadığım ən yaxşı evdir. Həmçinin 6 il Romada oxumuş və italyan dilini fantastik səviyyədə bilən tərcüməçim var. İki gün ərzində çempionat matçlarını canlı izləyirəm.
  • Bu qədər?
  • Premyer Liqada 8 komanda çıxış edir. Şənbə və bazar günləri ümumilikdə 4 oyuna baxır, istedadlı oyunçuları özüm üçün qeyd edirəm. Digər tərəfdən, bir nəfərdən başqa, yığmanın bütün üzvləri daxili çempionatda çıxış edir. Həmin bir nəfəri (Anatoli Nuriyevi nəzərdə tutur) Ukraynada tapmışam.
  • Bu oyunçulardan yaxşı komanda qurmaq mümkün olacaq?
  • Albaniya millisini qəbul edəndə FIFA reytinqində 83-cü yerdə idi. Onları 22-ci sıraya yüksəltdim. Hətta Avropa çempionatında lənətə gəlmiş bir qola görə mübarizəni dayandırdıq. Bu uğuru təkrarlamaq olar. Futbolçularım gəncdir, inkişaf etmək istəyirlər. Onların futbola olan baxışını dəyişdirməyə, bunun həqiqətən ciddi bir oyun olduğunu izah etməyə çalışıram.
  • Kristiano Ronaldonu yaxından görəndə həyəcanlanmayacaqlar?
  • Tək Kristiano deyil, Portuqaliya millisinə qarşı oyun futbolçularım üçün stimul olacaq. Düzdür, rəqib güclüdür, dünya çempionu ola bilər. Amma oyunçularıma Ronaldudan qorxmamağı və aktiv olmağı tapşırmışam. Əks halda, yalnız onların oyununu izləməli olacağıq.
  • AFFA-nın sizdən tələbi nədir?
  • Oyunçuların düşüncəsini dəyişdirməli və bütün futbol hərəkatını böyütməliyəm. Azərbaycan yaxşı futbol infrastrukturuna malikdir. Bakıda 70 000 azarkeş tutumuna malik müasir stadion var. Bura böyük iş üçün ideal mühitdir. (Report)
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp