Nəticə qənaətbəxşdi – bunu xalsız qaldığımız oyundan sonra yazmaq qəribə görünür, lakin reallıqdı. Çünki rəqib qrupumuzun aşkar favoriti Portuqaliya idi və meydana çıxanlar son qitə çempionluğunu qazanan dünya ulduzları idi.

Milli komandamız növbəti dünya çempionatının seçmə mərhələsinə məğlubiyyətlə başladı. Ən güclü rəqibə qarşı ən çətin səfərdə qeydə alınan nəticə məyus etmir. Əksəriyyətin böyük hesab gözlədiyi matçda nümayiş etdirilən futbol da sevindiricidi.

Bütün bunlara baxmayaraq, eyforiyaya qapılmağa gərək yoxdu. Azərbaycan millisi böyük vəzifələrin öhdəsindən gələcək komanda deyil, yenə autsayderlərdən biri olacaq.

Portuqaliya ilə matçın ilk yarısı səviyyə fərqinin ən real göstəricisi idi. Rəqibin cərimə meydançasına bir dəfə də olsun çata bilməyən futbolçularımız 45 dəqiqə yalnız müdafiə olunmağa çalışdı, topla “döyüldü”. Qapımıza cəmi bir qol vuruldusa, buna görə bəxtə və qapıçımıza minnətdar olmalıyıq. Baxmayaraq ki, Portuqaliyanın fərqləndiyi yeganə epizodda məhz qolkiperin çıxışdakı səhvi həlledici oldu. Lakin Şahruddin 15 qurtarışla matçın ən yaxşısı seçildisə, deməli, komanda halında parlaq oyundan danışmamalıyıq.

Canni de Byzai ultramüdafiə taktikasına məcbur idi – rəqibin gücü nəzərə alınaraq belə addım atılmışdı. Amma Portuqaliya oyunçularının texniki imkanları baxımından o qədər güclü idi ki, 6 müdafiəçi və 2 dayaq yarımmüdafiəçisi ilə qapanmağımıza baxmayaraq, kifayət qədər qol epizodu yaradırdılar.

Fasilədən sonra millimizin daha cəsarətli oynaması, hücumda fəallığı artırması təkcə italiyalı çalışdırıcının taktiki gedişlərinin nəticəsi deyildi. Komandamız sadəcə, rəqibin imkan verdiyi qədər oynayırdı. 2 gün sonra Serbiya ilə qrupun ən vacib matçını keçirəcək Portuqaliya gücünə qənaət etməyə, zədələrdən qaçmağa çalışdı. Bizdən fərqli olaraq, rəqib sıx qrafikdə sınaq matçı deyil, rəsmi oyun keçirəcək. Əks halda, nominal meydan sahibləri komandamıza istədiyi qədər top vura bilərdi. İndiki halda minimal hesablı qələbə 3 xalı gətirdi və bununla kifayətləndilər.

Digər tərəfdən bu oyuna hazırlıq üçün rəqibdən 3 dəfə artıq vaxtımız olmuşdu və bütün toplanış Portuqaliya ilə oyuna hesablanmışdı. Komandamıza qiymət vermək üçün qarşıdakı matçları gözləməliyik – Qətərlə yoxlama oyunu, Serbiya ilə ev matçı daha çətin keçəcək, nəticələr də arzuolunmaz ola bilər.

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp