Millimizdə debüt edən rus Aleksey İsayevin məlum paylaşımı dünən günün mövzusu oldu. Erməniyə “qardaş” deyib əzizləyən milliləşdirilmiş futbolçu şəhidlərin ruhundan utanmadan bu mesajlaşmanı paylaşmağı lazım bilmişdi. Sosial şəbəkədə tənqidlər sıralandı, ictimai qınaq oldu və Aleksey statusunu sildi.

Amma paylaşımı silmək Alekseyi vətənpərvər azərbaycanlı etmədi, onun beyni düşmənlə qardaşlığa köklənib, beləcə də davam edəcək. 3 ildən çoxdu ölkəmizdə olan, kökünün ölkəmizə bağlı olduğunu iddia edən bu şəxs bugünədək dilimizdə nə bir kəlmə öyrənib, nə də milli matçlar zamanı himnimizi oxumağı lazım bilir. Pulunu qazanmaq, cibini doldurmaq üçün burdadı, yaşı ötən kimi yığdıqlarını da götürüb gedəcək, Azərbaycanı xatırlamayacaq, bəlkə də həmin pulları xərcləmək üçün erməni dostuna qonaq olacaq.

İnsanlar dost seçməkdə azaddı və Rusiyada doğulan Alekseyin erməniylə qardaşlaşmağını da təbii sayırıq. Lakin o, hansı millidə oynadığını və xüsusi ləzzətlə paylaşdığı statusun əks-sədasını hesablamalıydı. Artıq ermənilərlə qardaşlaşmağın vacibliyini təbliğ edən ruskafalılardan fərqli olaraq, Xocalı soyqırımını, Qarabağda şəhid olan igidlərimizi və ermənilərin səbəbkar olduğu digər faciələri unutmayan bizlər bu məqama göz yuma bilmərik.

İndi milli komandamızda əsl liderlər, böyük şəxsiyyət sayıla biləcək futbolçular yoxdu. AFFA məmurları arasında da bu cür olaylar zamanı milli dəyərlər naminə yumruğunu stola çırpanlar, “Azərbaycan” deyəndə gözlərindən qəzəb yağan, qürurlanan insanlar çox azdı, bəlkə də yoxdu. Olsaydı, bu paylaşım üzə çıxan kimi Aleksey millinin düşərgəsindən qovular, müqəddəs bayrağımızın bəzədiyi o forma İsayevə layiq bilinməzdi. Əfsus ki, indiki milli yalnız YIĞMA KOMANDAdı, Azərbaycana dəxli olmayanların yığışdığı adi komanda.

Əvvəllər də millimizdə xeyli milliləşənlər oynayıb. Amma onlardan böyük əksəriyyəti belə qələti özünə rəva bilməyib. 44 günlük Vətən müharibəsi zamanı Anqoladan tutub gətirilən, transferinə milyonlar xərclənən Eddi İsrafilov oxşar səhvi etmişdi. Futbolçunun anası “erməni dostlarımızdan ayıbdı” deyib, haqq mübarizəmizə dəstək verməyən Eddiyə haqq qazandırmışdı. İndi də Aleksey belə hərəkət etdi.

Lakin milliləşdirilmiş oyunçular arasında Azərbaycanı canı qədər sevən futbolçular da olub. Onlardan biri Türkiyə əsilli oyunçumuz Əli Gökdəmirdi. “Simurq”da 20, milli komandalarımızda 13 matç keçirmiş müdafiəçi daim paylaşımlarında Azərbaycanı yada salır, ölkəmizlə bağlı heç bir olaya biganə qalmır. Dünən onunla əlaqə saxlayıb, İsayevin əməllərinə münasibət öyrənmək istədik.

Əli qısa, amma hirsli danışdı: “Mən Azərbaycanı öz ölkəm bildim – orada olanda da, indi də. Vətənim haqda kimsəyə pis bir şey dedirtməm, imkan vermərəm. İndi millinin düşərgəsində olsaydım, onun formasındakı bayrağı qoparardım, deyərdim cəhənnəm ol, ermənilərin yanına get. Deməli, o formanı geyməyi haqq etməyib. Mən milli komandada olarkən hər zaman himnimizi uca səslə, sevərək oxudum, indi də eşidəndə, dinləyəndə tüklərim biz-biz olur. Azərbaycan mənim ölkəmdi, oradakı insanlara canım fəda. Heç vaxt Azərbaycan haqqında pis danışanların, uyğun olmayan hərəkət edənlərin qarşısında səssiz durmaram”.

Azərbaycandan 6 il öncə ayrılan Əliylə hələ də bu ölkənin çörəyini yeyən Alekseyin fərqini özünüz görün. Bu, həmin İsayevdi ki, millimizə ilk dəfə çağırılarkən – 2019-cu ilin iyununda, Slovakiya ilə Bakıdakı matçda – son anda meydana çıxmaqdan imtina etmişdi, məşqçinin göstərişini vecinə almamışdı. Amma onun Riad Rəfiyev kimi şəriki olan hamisi var, zamanla bizdən başqa heç kimə lazım olmadığı aydınlaşdı və Portuqaliya ilə matçda İsayevə layiq olmadığı milli formanı geyindirdilər.

CAVAD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp