Tənqid etmək üçün sözlər acizdi, əsəbimə hakim ola bilməsəm, fikirlərimi təhqirlə ifadə etməli olacam. Və hədəf məşqçi, futbolçular olmayacaq – illərdi onlar tənqid olunur. Nəticələr dəyişmirsə, inkişafın “i”si yoxdursa, deməli, günahkar uğurları təmin edə bilməyən çürük sistem, o sistemi quranlar, ona qulluq edənlərdi.

AFFA rəhbərliyi bütün uğursuzluqların əsas günahkarı, Azərbaycan futbolunun qatili, azarkeşlərin əsəbinin səbəbkarıdı. Və artıq ölkə rəhbərliyi də bütün biabırçılıqlardan payını almalıdı. Səriştəsiz məmurların yarıtmaz idarəçiliyinə göz yuman, dövlət büdcəsini bacarıqsız funksionerlərin dağıtması üçün ərməğan edən, əvəzində hesabat istəməyən “yuxarılar” da rəzilliyin səbəbkarlarındı.

Qətərlə oyun sıradan yoxlama matçı idi. Ona görə nəticə önəm daşımaya bilər. Amma bu səviyyədə rəqiblə matçda nümayiş etdirilən futbola görə utanmaq lazımdı. İllərdi bəhanələr gətirən, yalançı vədlər verən, ümidləndirən AFFA rəhbərliyinin yaxasından yapışmağın zamanı çoxdan keçib, gecikir. Məşqçiləri əlcək kimi dəyişmək fayda vermirsə, deməli, balıq başdan iylənib. İrandan Braziliyaya, Rusiyadan Türkiyəyə kimi yığmamızda yetirməsi oynamayan ölkə qalmayıb, amma nəticələr faciəvidi.

Potensial olmasa, üstünə düşmərik, hokkeydə, basketbolda və s. idman növlərindəki kimi futbolda da uğurun mümkün olmadığını deyib, ümidimizi üzərik. Axı, elə deyil və bunu ölkə rəhbərliyi də bilir, elə bu səbəbdən istənilən məbləği idmanın bu növünə ayırmağı, qayğı göstərməyi lazım bilib. Bəs, nəticə hanı? 14 ildi AFFA-ya rəhbərlik edənlər bu müddətdə nə edib?

Portuqaliyaya məğlubiyyətin səbəbləri aydındı, hesabın kiçik olması bizim uğurumuz deyildi, rəqibin zövqünə görəydi. Bəs, Qətərə uduzmamağa nə mane oldu? Axı, Asiya təmsilçisi bizdən də pis vəziyyətdədi, onların ümumiyyətlə, ölkə xaricində legioneri yoxdu.

Oyunu təhlil etməyi, taktikanı müzakirəni, məşqçi seçimlərini mühakimə etməyi unudun. Bu, heç nəyi dəyişməyəcək. Azərbaycan futbolu işğaldadı, xilas olunmayınca hətta ümid etmək belə lazım deyil. Hamilərinin, vəzifəli qardaşının hesabına futbolumuza ağalıq etməyə davam edən Elxan Məmmədov rədd olunmayana, futbola ona can yandıran, Azərbaycanı sevən, peşəkar insanlar rəhbərlik etməyənə qədər qismətimiz məyusluq, pərişanlıq olacaq.

3 gündən sonra Serbiya millisi ilə rəsmi oyunumuz var. Hər nəticə, hətta təsadüfən xal almağımız da mümkündü. Çünki rəqib dünən bizim kimi yoxlama matçı keçirməyib, Portuqaliya ilə vacib oyuna çıxıb, yorğundu. Amma bizi fantastik görünən mümkün qələbə də aldatmamalıdı. İllərdi hər tsikldə bir dəfə reallaşan təsadüfi nəticələrə çox aldanmışıq. Ölkə futbolunda düzgün sistem qurulmayınca, doğru addımlar atılmayınca belə davam edəcək.

Azərbaycan futbolunun çox böyük potensialı var. İllərdi yazırıq, deyirik, amma kimsəyə maraqlı deyil. Çünki inkişafa cavabdeh olanlara uğur yox, öz qazancları lazımdı. Futbol oynamaq əvəzinə futbolla oynayıb milyonlar qazananlar zəli kimi yapışıb, qanımızı sorur. Dövlətin pulu dağılır, azarkeşlərin əsəbi nifrətə çevrilir, AFFA-nın sayəsində “aşağılar”ın “yuxarılar”dan narazılığı tətiklənir.

Bizə futbol lazımdımı? Lazım deyilsə, xalqın boğazından kəsilən pulları havaya sovurmayın, daha vacib sahələrə yönəldin; lazımdısa, hesabat istəyin, inkişafı təmin edin. Yığmamız futbol oynamır, xalqın əsəbiylə oynayır.

FƏRİD

P.S.: AFFA-dakılar o qədər harınlayıb ki, erməniyə “qardaş” dediyi paylaşımı ilə hamının qəzəbinə səbəb olan Aleksey İsayevi nəinki cəzalandırmadı, hətta start heyətinə saldılar. Özündənrazılıq bumeranq effekti verdi, yenilgidə baş rol ifaçılarından biri də bu rusiyalı idi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp