Azərbaycan yığması DÇ-2022-nin seçmə mərhələsində növbəti oyununu Serbiya yığmasına qarşı keçirəcək. Bakıda baş tutacaq qarşılaşma sabah reallaşacaq.

Hazırda qrupumuzda 4 xalla Portuqaliya ilə şərikli liderlik edən serblər matçın favoritidir. Dünya ulduzlarının top qovuduğu komandanın ilk 2 turdakı uğurlu oyundan sonra yüksək əhval-ruhiyyədə gəldiyi Bakıdan 3 xalla qayıdacağı ehtimal edilir. Bəs, serbiyalı jurnalistlər bu barədə necə düşünür?

Futbolinfo.az olaraq Serbiyanın bir neçə məşhur idman jurnalistinə bu sualla müraciət etdik:

Deyan Stankoviç (Mozzartsport) : “Azərbaycanın Portuqaliyaya qarşı oyununu izləmədim, lakin diqqətçəkən məqamlar gördüm. Portuqaliya Azərbaycanda üstün idi. Lakin bir az da bəxt olsaydı, Azərbaycan xal qazana bilərdi. Sizin yığmanız haqqında serblər çox şey bilmir. Hamımız bilirik ki, Serbiya millisi favoritdir. Eyni zamanda biz Qurban Qurbanovu xatırlayırıq. AÇ-2004-ün seçmə mərhələsində vurduğu qollara görə, o, bizim üçün bir kabusdur. Burada hər kəs onun adını bilir. İndiki baş məşqçimiz Draqan Stoykoviç vaxtilə Serbiya Futbol Federasiyasının prezidenti idi. Heç kim düşünmür ki, Serbiya Azərbaycana asanlıqla qalib gələcək. Mütləq qazanmalıyıq dediyimiz oyunlarda sonluğu görmüşük, elə biri Azərbaycanla AÇ-2004-dəki oyun. Portuqaliya ilə matçdan sonra baş məşqçi də futbolçuların rahat olmasına imkan verməyəcəyini söylədi. Draqan Stoykoviç ilk oyundan sonra jurnalistlərə sual verdi ki, “Azərbaycana qalib gələcəyimizə kim zəmanət verir”. Nəticə meydanda göstərdiklərimizin əks olunmasıdır. Beləlikıə Azərbaycanı aşağı səviyyəli rəqib kimi görməyəcəyik. Ancaq təbii ki, iki yaxşı oyundan sonra Serbiyadan sadəcə qələbə gözləiyik. Heç kim bunun asan olacağını düşünməsə də…”

Milan Zdravkoviç (Telegraf.rs) : “Turindəki Portuqaliya – Azərbaycan matçını izləmədim. Amma oxudum xəbərlərə görə, matç birtərəfli keçib. Baxmayaraq ki, yalnız bir qol olub, lakin Portuqaliyanın böyük təzyiq etdiyini oxudum. Düşünürəm ki, Millətlər Liqasında qolsuz heç-heçələr edən Azərbaycanın ən yaxşı tərəfi müdafiədir. Bu səviyyədə müdafiəni qorusalar, Serbiyaya da çətin olacaq. Millimiz seçmə mərhələyə yeni məşqçi ilə başlayıb. Onun komandası İrlandiyayavə Portuqaliyaya qarşı yaxşı oynadı. Bunu təkrar edə bilsələr, bizim üçün asan oyun olacaq”.

Emir Selmani (“Serbiya Telegraf” qəzeti): “Azərbaycanın bundan əvvəlki seçmə mərhələ matçını izləmədim. Lakin statistikaya baxanda aydın olur ki, meydanda tək komanda Portuqaliya olub. Oyunun böyük hissəsi Azərbaycanın qapısı ağzında keçib. Hesab edirəm ki, Robert Prosineçki baş məşqçi olduğu zaman Azərbaycan daha möhkəm və sərt komanda idi. Anda indiki komandanız Prosineçkinin komandasından zəifdir. Premyer Liqanın autsayderi “Sabah” klubundan 6 futbolçunun yığmaya çağırıldığı barədə xəbərə rast gəldim və bu sizin xeyrinizə olan amil deyil. Üstəlik, komandanız Qətərə də məğlub oldu. Bütün bunlara baxmayaraq Serbiyanın asanlıqla qalib gələcəyini düşünmürəm. Çünki İrlandiya ilə matçda yığmamız çətinlik çəkdi. 2003-cü ildəki Azərbaycanla oyunları xatırlayaq. Həmin vaxt milliniz bizdən 4 xal almışdı. O zaman, hazırki baş məşqçimiz Stoykoviç federasiya prezidenti idi. Bir məqam bizim üçün üstünlük yaradır ki, hazırda komanda psixoloji olaraq yaxşı vəziyyətdədir və əhval-ruhiyyə yüksəkdir. Portuqaliya ilə matçdakı kimi oynasaq, 3 xal bizimdir”.

AĞA

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp