AFFA Apellyasiya Arbitraj Tribunalı “Neftçi” və “Qarabağ”ın şikayətinə baxıb. Ağdam təmsilçisinin şikayəti tam, paytaxt klubunun şikayəti isə qismət təmin edilib.
“Qarabağ” İntizam Komitəsinin (İK) fevralın 23-də kluba təyin etdiyi 3000 manat cərimədən azad olunub. Son ölkə çempionu fevralın 19-da “Sumqayıt”la qolsuz başa çatan 16-cı tur oyununda serbiyalı yarımmüdafiəçisi Uroş Matiçin futbol formasında standartlar pozulduğu üçün cərimələnmişdi. Kluba bu hala təkrar yol verməməsi ilə bağlı xəbərdarlıq edilib.
“Neftçi”nin martın 3-də “Sabah”la 17-ci tur matçı zamanı 8-ci km stadionunda işıqlar söndüyü üçün kluba tətbiq edilən cərimənin məbləği azaldılıb. Cərimə yüngülləşdirici hallar nəzərə alınmaqla 4000 manatdan 1000 manata endirilib.
Hər iki qərar doğrudu, amma yanlışının düzəldilməsi AFFA-nın imicinə müsbət xallar əlavə edə bilməz. Sərt qərarlar verilərkən daha diqqətli olmaq lazım idi. Görünür, mətbuatın tənqidləri, klubların öz haqlı mövqeyini müdafiə etməyi bacarması qərara korrektədə vacib rol oynadı.