Azərbaycan millisinin və “Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudovun futbolinfo.az saytına müsahibəsi

  • DÇ-2022-nin seçmə mərhələsində həm Portuqaliyaya, həm də Serbiyaya uduzdunuz…
  • Hər iki oyun çox çətin idi. Qrupun favoritlərinə qarşı çıxış etdik. Portuqaliya matçı heç, amma Serbiyaya qarşı pis oynamadıq. Matç ərzində pressinq edirdik, top alırdıq. Qol epizodlarımız oldu. Amma bilirsiz ki, nəticə olmayanda nə qədər yaxşı çıxış edirsən et, heç bir dəyəri olmur. Əsas nəticədir ki, biz onu əldə edə bilmədik.
  • Hər kəs millidən, futbolçulardan narazıdır. Necə düşünürsünüz, bu situasiyanı dəyişmək mümkün olacaq?
  • Azarkeşləri başa düşürəm. Doğrudan da son matçlar qələbələrimiz yoxdur. Çoxdan qalibiyyət əldə etmişik. 2 oyun udduğumuzun üstündən uzun müddət keçib. Onların narazılıqlarına haqq qazandırıram. Daha çox xal yığa bilərik, daha yaxşı oyun göstərə bilərik. Söz verim ki, udacağıq, bu da düzgün deyil. Çünki futbolda söz vermək mümkün deyil. Sadəcə, onun sözünü verə bilərəm ki, biz daha çox mübarizə aparacağıq, sona qədər vəziyyəti yaxşıya doğru dəyişmək üçün əlimizdən gələni edəcəyik.
  • Gələcəyə ümidlər baxa bilirsiz, yoxsa azarkeşlər kimi siz də bədbinsiz?
  • Əlbəttə ki, gələcəyə ümidlə baxırıq. Düşünürəm ki, komanda daha yaxşı şeylər edə bilər. Başa düşürük ki, bu, bizim üçün çətindir, bilirik ki, rəqiblər bizdən güclüdür. Amma yenə də biz meydana çıxıb nəticə əldə etməliyik. Hər oyun uduzmaq olmaz, hər dəfə qrup mərhələsini xalsız başa vurmaq olmaz. Fikrimcə, seçmə mərhələnin sonunda xoş bir nəticə olacaq.
  • Portuqaliya və Serbiya ilə matçlarda meydanda idin və bundan əvvəl sənə şans verməyən məşqçilər də qınanılırdı. Serbiya ilə oyunda ən çox xal yığmışdın. Penalti qazanıb qol vurduqdan sonra hər kəs yazırdı ki, Emin Mahmudov oyunun ən yaxşısıdır və niyə gedib xaricdə çıxış etmir?
  • Bilirsiz ki, çox çətindir. Azarkeşlər istəyir ki, biz tez bir zamanda yaxşı liqalarda oynayaq. Hamı deyir ki, Emin və başqaları xaricə niyə getmir? Yaxşı təkliflər olsa, bu dəqiqə xarici klubların birində oynayaram. Demirəm ki, mütləq “Top-5” çempionatlardan olsun. Amma ən azından bizim liqadan güclü, oynadığım komandadan daha üstün bir komandadan təklif gəlsin, gedim. Bunu tək mən yox, millinin hər üzvü istəyər. Amma hazırki durumda bu yoxdur. Azərbaycan səviyyəsində liqalara getməyin də bir mənası yoxdur. Burdan bir az güclü liqaya getmək doğru deyil.
  • Millinin baş məşqçisi Canni de Byazi bildirdi ki, Emin Mahmudov haqqında əvvəl başqa cür düşünürdüm, amma onunla danışdıqdan sonra fikirlərim dəyişdi. Aranızda hansı söhbətlər oldu?
  • Bəli, Canni de Byazi ilə təlim-məşq toplanışından qabaq danışdıq. Aramızdakı söhbəti demək istəmirəm. Lakin şadam ki, bir-birimizi anladıq. O, mənə şans verir və mən də onun istəklərini yerinə yetirmək üçün meydandan əlimdən gələni edirəm.
  • 2016/2017 mövsümündə “Boavişta”da olarkən orada qalmaq şansınız yox idi?
  • Portuqaliya klubunda çıxış edərkən oradan ayrılmaq istəmirdim, oynamaq üçün can atırdım. Məşqçi şans vermirdi, nə qədər çalışsam da, oynamaq üçün şərait yaranmırdı. Əlimdən gələni etdim, amma alınmadı. Bu səbəbdən Azərbaycana gəldim. Peşman deyiləm, “Neftçi”dəyəm. Çox xoşdur ki, 4 ildir ki, bu komandada çıxış edirəm.
  • “Neftçi”nin çempionluq şansı var və səncə, bu il artıq komanda istəyinə nail olacaq?
  • Biz hazırda ancaq qarşıda gələn matçı düşünürük. Əsas məqsədimiz “Sumqayıt” üzərində qələbə qazanıb ondan sonrakı matça köklənməkdir. Şanslarımızı dəyərləndirməliyik və hər matç artıq final kimidir. Düşünürəm ki, çətin rəqiblərə qarşı yaxşı hazırlaşmalıyıq və maksimum nəticə əldə etməliyik.

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp