AFFA həyəcanlanıb. Milli komandanın uğursuz nəticələrindən sonra hər gün gündəm olsun deyə dövriyyəyə fərqli mövzular buraxılır, lakin alınmır. Azarkeşlər, futbol ictimaiyyəti hesabat istəyir, həm də bu dəfə AFFA rəhbərliyini yox, onların özbaşnalığına göz yumnları, hesabat istəməyənləri hədəf alıb. Məmmədov və dəstəsi ana hədəfinə nail olub – xalqı “yuxarılar”ın əleyhinə qaldırır.

Azərbaycan futbolunun qatili, şəxsi maraqları üçün 14 ildi ölkədə futbolun məhvinə çalışan icraçı vitse-prezident Elxan Məmmədov gizlənməyə siçan deşiyi tapıb, aranın sakitləşməyini gözləyir. Hiyləgərdi, millinin oyunu başa çatan kimi “Qarabağ”ın yarımmüdafiəçisi Uroş Matiçin cəzasının ləğv edilməsi haqda xəbər dövriyyəyə buraxıldı. Serb legionerə qarşı ədalətsiz davranıldığını mətbuat həftələr boyunca yazdı, AFFA da qərəzinin ifşa olunduğunun fərqində idi, “Qarabağ”la düşmənçilikdən qorxdu, qərarı ləğv etdi. Lakin apellyasiya şikayəti 15 gün öncə təmin edilsə də, qərar 2 gün öncə açıqlandı ki, yığmalara görə tənqidlərin sıralandığı bir dövrdə gündəm dəyişsin.

Ardınca ermənilərdən FIFA-ya şikayət edildiyi açıqlandı. Qondarma rejimin bayrağına görə edilən etiraz da ictimaiyyətin fikrini yayındırmadı, sosial şəbəkədə futbol qurumumuz tənqid dalğasında boğuldu.

Bu gün AFFA guya bölgələrdə futbolun inkişafının qayğısına qaldığını nümayiş etdirdiyini göstərmək üçün yeni xəbər tirajladı. Halbuki Tovuz Akademiyasına təyin olunan koordinatorun kimliyini aylardı bilirdik, bunun indi rəsmən açıqlanması ilə nəsə dəyişmədi.

Günün sonunda və ya sabah yeni xəbərlər oxuyacaq, çabalayan AFFA rəhbərliyinin müxtəlif cəhdlərini görəcəyik. Əsəbləri soyutmaq, fikir yayındırmaq üçün Elxan Məmmədov Cibutinin səfiri ilə görüşsə və ya Rauf Əliyev hansısa rayonda 5-6 uşağı başına yığıb kənd stadionunun açılışını etsə, təəccüblənəyin.

Azərbaycan millisi bərbad durumda ikən qonşu ölkələrinin milliləri tarix yazır. Mənfur ermənilər dünya nəhəngi Almaniyanın yer aldığı qrupda liderdi, gürcülər son saniyə qolu ilə yenildikləri İspaniya ilə matçın ardınca Yunanıstandan xalla döndü, Rusiya və Türkiyənin nəticələri isə hətta müqayisə olunmur. Və əvəzində yalnız Azərbaycan qonşularının biabırçılıq mühasirəsində qalıb.

Və indi sosial şəbəkədə xain təbliğat aparılır. Guya ki, ermənilər, gürcülər hətta SSRİ vaxtında da bizdən güclü olub, ona görə indiki nəticələr təbiidi. Ağ yalandı və hətta həqiqətdisə, həmişə belə olmamalıdı.

Əvvəla, SSRİ vaxtında nəticələrin pisliyi azərbaycanlının günahı deyildi, futbolumuzu, ölkəni ermənilər, ruslar idarə etdiyi üçün yerli kadrlar məhv edilirdi. Yüzlərlə ad çəkmək olar. Məsələn, erməni komandalarında yalnız ermənilər, gürcü komandalarında gürcülərin oynadığı onillər ərzində “Neftçi”də azərbaycanlı tapmaq olmurdu. Çünki bizdə futbol təsərrüfatına ya ermənilər, ya da onlara xidmət edən ruskafalılar rəhbərlik edirdi. Neçə-neçə azərbaycanlı sıxışdırılıb məhv edildi, didərgin salındı.

Yalnız bircə dəfə Əhməd Ələsgərovu cavan bilib şans vedilər, o isə ilk ilindəcə SSRİ çempionatının bürünc medallarını təmin etdi. Komandanın ən pik həddə olduğu illərin ardınca komandanın daxilinə yeridilən daxili düşmənlər bu məşqçini qovdurmağa nail oldu. İndi Azərbaycan futbolunu idarə etməli olan İcraiyyə Komitəsində əyləşən Kazbek Tuayevin başçılıq etdiyi dəstə rəhmətlik Əhməd bəyi ölkədən sürgün etdirdi. Nəticədə “Neftçi” aşağı diviziona yuvarlandı, Ələsgərov isə Odessa “Çernomorets”i ilə unudulmaz nəticələr qazanıb adını bu şəhərin tarixinə yazdı, Bakıda 3:0 hesabına sevindi.

Erməni-rus güclərinin təzyiqindən qaçıb canını qurtaran Vəli Qasımov Xarkovda parladı, Rusiya çempionatının ilk bombardiri oldu, İspaniyada, Portuqaliyada legioner karyerası yaşadı. Və ya “Neftçi”də göz verilib, işıq verilməyən Nazim Süleymanov vətəndən qovuldu, gedib özünü Rusiyada sübut etdi, “Alaniya”ya qızıl medallar qazandırdı.

Nümunələri çoxaltmaq olar və ermənilərdən, gürcülərdən zəif olmağımızla bağlı ideologiyanın iftira olmasını təkcə bu faktlar sübut edir. Seul Olimpiadasına gedən Yunis Hüseynov son anda ermənibaşların sayəsində İqor Ponomaryovla əvəzlənəndə belə də olmalıydı. Həmişə inkişafımıza sapı özümüzdən olan baltalar, düşmən dəyirmanına su tökənlər mane olub, azərbaycanlıların geridə qalması üçün hər şey ediblər.

Ümummilli lider Heydər Əliyev 1974-cü ildə ermənipərəstlərin əməllərini görmüş, göstəriş vermiş və xilas yolunu göstərmşdi. Aleksandr Mirzoyanın xəyanətindən sonra “Neftçi”də bir daha heç vaxt hansısa erməni oynamadı və yerli futbolçular üzə çıxmağa başladı. İsgəndər Cavadov, Maşallah Əhmədov, Əsgər Abdullayev, sonralar dünya və Avropa çempionları olan Tərlan Əhmədov, Arif Əsədov, Vladislav Qədirov və başqalarının yolu belə açıldı, azərbaycanlının da futbol oynaya bildiyi dəqiqləşdi.

Və bu gün yenə AFFA-da Azərbaycanı sevməyənlər əyləşib. İllərdi dağıstanlıları, rusları, ukraynalıları, 1 milyona anqolalı Eddi İsrafilovu milliləşdirən məmurlar yerli kadrları dışlamaqla məşğuldu. Ölkə çempionatının bombardiri Namiq Ələsgərov hətta “23-lüy”ə salınmır, erməniyə “qardaş” deyən Aleksey İsayevə şans tanınır. Son 10 ildə “Qarabağ”ın nəticələrini tarixdən sil, Azərbaycan futbolunda çox böyük bir boşluq görəcəksən. Bu uğurların memarı olan Qurban Qurbanova millidəki ən yaxşı nəticələr göstərməsinə rəğmən, 1 il işləməyə icazə verilmir, əcnəbilərə hər cür şərait yaradılır.

Berti Foqtsa 6 il pul oğurlamağa imkan verənlər indi də Canni de Byazinin kölgəsində gizlənir. Bir ildən çox müddətdə yalnız bir qələbə görən italiyalı indi yeni müqavilə arzulayır. Qurbanov Millətlər Liqasında 2-ci olmuşdusa, de Byazi millini autsayder etdi, postunda saxlandı. Üstəlik, həmin yarış hazırlıq mərhələsi kimi elan edildi, yeni tsiklə komanda hazırlandığı vurğulandı. Nəticə? Xalsızlıq bir yana, komandanın oyun dəst-xətti yoxdu, hər oyunda fərqli taktikalar seçilir. Və AFFA bəhanələr axtarmaqla məşğuldu.

İndi də tarixən Azərbaycanda futbolun olmadığını deyirlər. Fərz edək ki, olmayıb. O zaman son 15 ildə top oyununa sərf olunan 3 milyard manat hara gedib, niyə inkişaf modeli seçilməyib, hədəflərə çatmaq mümkün olmayıb? SSRİ vaxtı hər həftə udduğumuz Türkiyədə buna nail olundu, Albaniya, İslandiya böyük layihələr reallaşdırıb nəhəng turnirlərə qatıldı. Bəs, niyə biz bunu bacarmırıq? İslandiyada futbol oynamağa yer yoxdu, amma onlar dünyaya səs saldı. Sovetlər dönəmində Latviyanın Güclülər dəstəsində komandası olmazdı, amma onlar da Avropa çempionatın final mərhələsinə yüksəlməyi bacarıb. AFFA bu müddətdə dövlət büdcəsini talamaqdan başqa nə edib?

Ölkə başçısının açılışını etdiyi bölgə stadionlarının hamısının qapısına qıfıl vurulub, bu gün yığmada oynayanları böyük əksəriyyətini təşkil edən klublar məhv edilib, “Bakı”nın bazası xarabalığa çevrilib. Bu, sabotaj, dövlət əleyhinə aparılan kampaniya deyilmi? Ölkədə klub sayı ən minimal həddə çatdırılıb, yığmanın reytinqi 20 il əvvəlki səviyyəyə düşüb, AFFA-dakı səriştəsizlərə isə “gözün üstə qaşın var” deyən yoxdu.

Bəhanələrdən əl çəkin. Bacarıqsızlığı tarixi saxtalaşdırmaqla ört-basdır etmək olmaz. 30 il işğal altında olan torpaqları 44 günə azad etdik. Gün gələcək, onillərdi at oynadan daxili düşmənləri təmizləyəndən sonra Ali Baş Komandan mütləq deyəcək: “Əziz AFFA, sən azadsan!” Və o gün artıq gəlib…

VÜSAL MAHMUDOV

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp