“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində “Keşlə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Futbolinfo.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 1:1 hesabıyla başa çatan oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Çox gərgin oyun oldu. Vacib xal qazandıq. Uzun fasilədən sonra optimal formada olmaq çətindir. Futbolçular minimum bir xala layiq idilər.

Maksim Medvedev dünən özünü yaxşı hiss etmədi. Komandadan kənarlaşdı. Şübhələndik ki, koronavirusa yoluxa bilər. Amma hər şey qaydasındadır.

Mahir Emreli ilə Qara Qarayev də zədəlidir. İstədiyim dəyişiklikləri edə bilmədim. Biz məşqçilər daha çox düşünüb, yeni elementlər axtarmalıyıq. Belə rəqibə qarşı oynamaq asan deyildi. Çox aqressiv oynayırdılar.

Futbolçuların yerdə yatması tempi aşağı salırdı. Belə olanda müdafiəçi özünü rahat hiss edir. Mahir Emrelinin olmaması təsir etdi. Hücumu gücləndirmək istəyirdim, amma oyunçu yox idi. Ovusu Kvabena bu gün az iş görmədi.

Qol imkanlarından yararlana bilmədik. Hər bir halda problemlər var. Əlimizdəki gənclərin ustalıqlarını daha da yaxşılaşdırmalıyıq.

Son dəqiqələrdə vurulan qol oyunçulara inam verir. Qarşıda oyunlar var. Bütün matçlarda diqqətli olmalıyıq. Bəzən məğlubiyyət komandaların xeyrinə olur. Qarşıdakı turlarda turnir cədvəlində yerlər dəyişilə bilər”.

Shares: