Premyer Liqada çempionluğun taleyini əsas favoritlər özü yox, digər komandalar həll edəcək. Və liderlərdən qızıl medallara ən çox xal qazanan deyil, ən az xal itirən qovuşacaq.
Bəzi oyunlar var ki, həmin məqamda qalib gəlməkdən daha çox məğlub olmamaq önəm daşıyır. Heç-heçənin gətirdiyi xallar böyük məqsədlərə çatmaqda az rol oynamır.
21-ci tur nəticələr baxımından bir az qeyri-adi alındı. Çempionluğa hər iki namizədin xal itirməsi, Premyer Liqanın 8 iştirakçısından altısının xal qazanması bəlkə də gözlənilmirdi. Amma milli komandaların oyunları üzündən yaranan fasilələrdən sonra adətən bu kimi hallar müşahidə edilir.
İş ondadı ki, büdrəməsi daha real görünən “Qarabağ” idi və proqnozlar özünü doğrultdu. 4 aparıcı milli üzvünü əsas heyətdə oynada bilməyən ağdamlıların baş məşqçisi Qurban Qurbanov Patrik Andradeni də yorğunluq səbəbindən ehtiyatda saxlamışdı. Əvəzində yığmaların düşərgəsinə daha az oyunçu göndərən “Neftçi”, gedənlərin əksərinin oynamaması üzündən yaxşı vəziyyətdə olmalıydı. Lakin yekunda bakılılar xalsız qaldı, əsas rəqibi isə son dəqiqələrdə vurduğu penalti qolu ilə bir xalı qoparıb zirvəyə yüksəldi.
“Neftçi”nin baş məşqçisi Samir Abasov oyundan sonra məğlubiyyətin məsuliyyətini öz boynuna çəkdi. Başqa cür edə də bilməzdi, çünki onun komandasını “Sumqayıt”la matça hazırlaya bilmədiyi göz önündə idi. Ayxan Abbasov rəqibi əla analiz etmişdi və fasiləyə kimi vurduqları iki qolla qələbəni təmin etdi. Millinin düşərgəsində “Sumqayıt”dan daha çox futbolçunun yer aldığını nəzərə alsaq, oyunun taleyinin məşqçilərin döyüşündə həll edildiyini deyə bilərik.
Maraqlıdı ki, Roberto Bordin və Füzuli Məmmədovun ardınca Samir bəy də illərdi davam edən “Sumqayıt” sindromunu qıra bilmədi. “Neftçi”də məşqçilər dəyişir, Ayxan Abbasov isə onların hamısına qalib gəlməyin yolunu tapır. “Neftçi”dəki futbolçuların ustalıq səviyyəsini nəzərə alsaq, iki məşqçinin gördüyü işin keyfiyyəti arasındakı fərq daha da böyüyür.
“Qarabağ” da büdrədi. Lakin insaf naminə, ağdamlıların oyunu daha dinamik, daha yaxşı idi. Heyətdə ciddi itkilərə rəğmən, Qurbanovun yetirmələri saysız epizod yaratdı və layiq olduğu bərabərlik qolunu vurdu. Baxmayaraq ki, “Keşlə” qışdan bu yana bəlkə də ən yaxşı matçını keçirdi. Düzdü, qələbəsizlik seriyası bitmək bilmir və bakılılar yenə hesabdakı üstünlüyü qorumağı bacarmadı. Bununla belə, Sənan Qurbanovun fasilədən yaxşı yaralandığı, öz oyun fəlsəfəsini ortaya qoymağı çalışdığı göründü.
Avrokuboklara digər iki vəsiqə uğrunda mübarizə də maraqlıdı. “Sumqayıt” vacib qələbə sayəsində əsas izləyicisi “Qəbələ”dən xeyli uzaqlaşdı, üstəlik, bir gün öncə heç-heçə edən “Zirə”yə yaxınlaşdı. “Qartallar” “Səbail”lə oyunda üstün təsir bağışlasa da, qələbə qolunu vurmağı bacarmadı. Qəsəbə təmsilçisinin “kimyaçılar”dan əsas üstünlüyü daha sabit oynamalarıdı. Elə məhz bu amil “Zirə”nin sonadək 3-cü pillədə qalmasını təmin edə bilər. Bəzi matçlarda çox parlaq oynayan “Sumqayıt” bəzən yersiz xallar itirir ki, bu da heyət yetərsizliyindən irəli gəlir. “Zirə” isə əksinə, demək olar, bütün rəqiblərindən xal almaq potensialına malikdi.
Turun iki qalibindən biri olan “Sabah”ın uğuruz seriyaya son qoyması qeyd edilməlidi. Heyətinə, imkanlarına görə medallar uğrunda mübarizə aparmağa layiq olan paytaxt təmsilçisi məşqçi bacarıqsızlığı üzündən indi sonuncu pillədən qurtulmasına sevinir. Baş məşqçi kimi debüt edən Ramin Quliyevin daha yaxşı heyət seçimi, futbolçularda özünəinamı artırması “Qəbələ” ilə görüşdə aşkar sezildi. Qolu Visente Qomesin ehtiyatda saxladığı cütlüyün təşkil etməsi iə sabiq məşqçinin komandaya nə qədər ziyan vurmasının xəbərçisi idi.
Qələbəyə baxmayaraq, “Sabah”ın rəqibdən bir baş üstün oynadığını deyə bilmərik. Sadəcə, futbolçular döyüşdü və daha yaxşı yerlərə layiq olduqarını isbatladılar. Quliyevin hələ görüləcək çox işi var. Qeyri-sabit oynayan, qol vurmaq baxımından əziyyət çəkən “Qəbələ”nin tək qolla məğlub edilməsi hələ heç nə demək deyil.
FƏRİD