Milli komandanın ardıcıl 3 məğlubiyyətinin səbəbləri bəlli olur. Baş məşqçi Canni de Byazi məsuliyyəti boynuna götürmür, müxtəlif bəhanələr gətirir. Əvəzində AFFA məqsədli təbliğatla istiqaməti fərqli yönəldir. Gah klublar, gah futbolçular günahkar bilinir, gah da “ənənəsizlik yalanı”yla baş qatılır. Halbuki…

Təbii, bütün bunlar bəhanələrdi və yaxşı ki, azarkeşlər, futbol ictimaiyyəti durumun fərqindədi. Seçmə mərhələnin ilk 3 turunda xalsız qalmaq, üstəlik, sınaq matçında Qətərə məğlubiyyət birbaşa məşqçi səhvərinin, eyni zamanda illərdi futbol təsərrüfatının düzgün idarə edilməməsinin, yanlış strategiya seçilməsinin nəticəsidi.

Əcnəbi sevgisi bitməyən AFFA illərdi arxasınca düşdüyü de Byazini nəhayət, milli komandaya baş məşqçi təyin etdi. Gözlənildiyi kimi, bu seçimin də yanlış olduğu yavaş-yavaş üzə çıxır. Millətlər Liqasındakı fiaskonu “komanda quruculuğu” bəhanəsiylə unutdurmağa çalışanların saxta səbəbləri də bitib. Çünki italiyalı ötən bir il ərzində komanda formalaşdırmağı, sabit heyət qurmağı, oyun dəst-xəttini müəyyənləşdirməyi bacarmayıb. Təsadüfi deyil, hər matça fərqli oyun anlayışı ilə çıxan millimiz son 3 matçda 3 fərqli taktikadan yararlanmağa cəhd etdi.

Ən pisi futbolçuların de Byazidən kəskin narazı olmasıdı. İtaliyalının məşq prosesinin zamanla ayaqlaşmadığını düşünən milli üzvləri yersiz yükləmələrdən narahatdı. Söhbət etdiyimiz, adının açıqlanmamasını istəyən bir neçə milli üzvü son oyunlar zamanı fiziki cəhətdən çatdırmamalarını məhz bununla əlaqələndirir. Matçlar ərəfəsində daha çox toplu çalışmalar gərəksə də, de Byazi fiziki hazırlığa üstünlük verib, oyunçuların bərpasına diqqət etməyib. Yekunda xüsusilə Qətər və Serbiya ilə matçlarda futbolçular məhz yorğunluqdan əziyət çəkib.

Hələ Bakı toplanışı zamanı italiyalının səhv hazırlıq proqramı üzündən Qara Qarayev sıradan çıxmışdı, Serbiya ilə matçda isə Mahir Emreli oyuna girdikdən az sonra zədələndi. Premyer Liqanın son turunda millinin düşərgəsindən qayıdan futbolçuların fiziki durumundakı əskikliklər də özünü qabarıq göstərdi.

Fikrimizin təsdiqi kimi, klub məşqçilərinin açıqlamalarını misal çəkməliyik. Qurban Qurbanov millidən qayıdan futbolçuların durumundan şikayətləndi, Ayxan Abbasov yığmada öz oyunçularına göstərilən fərqli münasibətdən danışdı, Rəşad Sadıqov futbolçuların 60-cı dəqiqədən etibarən dayanmasını birbaşa millidə hazırlığın düzgün qurulmamasına bağladı – hamısı da haqlıydı. Yığmayla bağlı sualı cavablayan əksər məşqçilər oxşar fikirlər səsləndirdi.

AFFA bəhanə axtarmağında olsun, amma hamı problemin kimdən, nədən qaynaqlandığını başa düşür. Azərbaycanlıları bəyənməyib köməkçilərini də xaricdən gətirən de Byazinin bacarığı bundan ibarətdi. Klub məşqçiləri onun iradlarıyla razılaşmır, futbolçular isə ciddi narazıdı. Belə məşqçi ilə nəyəsə ümid etməksə ağılsızlıqdı. Özümüzdə daha savadlı, bacarıqlı məşqçilər varkən biabırçı nəticələrə səbəb olan yarıtmaz işiylə yadda qalan de Byaziyə nə lüzum var?

AĞA

Shares: